Balidə son on ilin ən güclü daşqınları 14 nəfərin ölümünə səbəb olub
Ajans.az BBC-ə istinadən xəbər verir ki,şiddətli yağışlar çayların daşmasına, əsas yolların sürüşmələrlə bağlanmasına və körpülərin zədələnməsinə səbəb olub. Hazırda yağış səngisə də, xilasedicilər dağıntılar altında sağ qalanları axtarmağa davam edir. Xilasedicilər su basmış ərazilərə çatmaqda çətinlik çəkirlər. Prezident Prabowo Subianto fəlakətlə bağlı başsağlığı verib və bütün aidiyyəti qurumlara “sürətli və məqsədli yardım” göstərişi verib. Əyalət hökuməti isə bir həftəlik fövqəladə vəziyyət elan edib. Daşqın nəticəsində Jembrana bölgəsində iki nəfər elektrik cərəyanı vurması nəticəsində həyatını itirib, Gianyarda 3 nəfər, Badunqda isə bir nəfər ölüb. Yüzlərlə sakin evlərini tərk etməyə məcbur olub və müvəqqəti sığınacaqlara yerləşdirilib. Rəsmilər bildirir ki, drenaj sistemlərinin zibil səbəbindən tıxanması fəlakətin miqyasını artırıb. Adanın zəif infrastruktur və tullantı idarəetməsi problemləri ilə üzləşdiyi də qeyd olunur. Meteoroloji müşahidələrə görə, təkcə 24 saat ərzində Baliyə 385 mm-dən çox yağış yağıb. Gözləntilərə əsasən, cümə axşamından etibarən yağışların intensivliyi azalacaq. Torpaq sürüşmələri və daşqınlar İndoneziyada yağışlı mövsüm zamanı geniş yayılmış təbii fəlakətlərdir. Rəsmilər iqlim dəyişikliyinin bu kimi hadisələri daha da artırdığını bildirirlər.