EN

İcra başçısı Vaqif Həsənov yüksək bal toplayan abituriyentlərlə görüşdü - FOTOLAR

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun qabaqcıl təhsil işçiləri, 2024-2025-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüşüb.

"Unikal" xəbər verilir ki, Ağdam Muğam Mərkəzində təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsi Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, qabaqcıl təhsil işçiləri, əlaçı şagirdlər, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən təhsil siyasətindən, bu sahədə görülən işlərdən danışmış, Ağdam məktəblilərinin qazandığı uğurlardan bəhs etmişlər. Qeyd edilmişdir ki, 2024-2025-ci tədris ilində rayon üzrə 11-ci sinifi bitirmiş 1697 nəfər məzundan 1631 nəfəri ali məktəblərə sənəd vermişdir ki, onlardan 620 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə qəbul olan məzunların 83 nəfəri 500-600 bal arası, 23 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir.

Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və Ağdam Musiqi Kollecinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.

Tədbirin sonunda bir qrup müəllim və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər RİH başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışlar.

Chosen
16
2
unikal.az

3Sources