EN

SWIFT-in rus variantına qarşı yeni sanksiyalar gəlir - Azərbaycanı nə narahat edə bilər?


Vüqar Bayramov: “Bu qərarın Azərbaycan bank sektoruna ciddi təsiri olacağı gözlənilmir”

Avropa İttifaqı SWIFT-in Rusiya ekvivalentindən - Maliyyə Mesajlaşma Sistemindən (SPFS) istifadə edən xarici banklara qarşı sanksiyalar tətbiq edə bilər.

Belə ki, Fransa və Almaniya Rusiyaya qarşı 19-cu məhdudiyyətlər paketinin bir hissəsi kimi belə bir tədbiri təklif edir. Paris və Berlin israr edirlər ki, sanksiyalar Rusiyanın maliyyə və logistika sistemlərinin daha dərin strukturlarına yönəlməlidir. SPFS 2014-cü ildə Krımın ilhaqı üçün tətbiq edilən məhdudiyyətlərin ilk dalğasına cavab olaraq yaradılıb. O, həm Rusiya daxilində, həm də xaricdə maliyyə mesajlarının fasiləsiz ötürülməsini təmin edir. 2024-cü ilin iyununda Aİ Rusiyadan kənarda fəaliyyət göstərən Avropa banklarına SPFS-ə qoşulmağı və ondan istifadə etməklə əməliyyatlar aparmağı qadağan etdi. Qadağaları pozanların Avropa maliyyə sistemi ilə əlaqəsi kəsiləcək. Mərkəzi Bankın milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina bildirib ki, 2025-ci ilin əvvəlinə 24 ölkədən 177 qeyri-rezident SWIFT-in Rusiya analoquna qoşulub.

Bloomberg-in məlumatına görə, Aİ-nin Rusiyaya qarşı SPFS ilə işləyən xarici banklara məhdudiyyətlər daxil edə biləcəyi 19-cu sanksiyalar paketi yaxın günlərdə təqdim olunacaq. Ödəniş sisteminə əlavə olaraq, sanksiyalar daha altı Rusiya bankına və neft ticarətinə təsir edəcək.

Görünən odur ki, Avropa İttifaqı SPFS-dən istifadə edən ölkələrə də sanksiya tətbiq edəcək. Azərbaycanın SPFS-lə nə kimi əməkdaşlığı var, pul köçürmədə bu sistemdən istifadə edir, yoxsa etmir? Sanksiyaların Azərbaycana da təsirləri ola bilərmi?

“Mərkəzi Bank tərəfindən mütəmadi olaraq bankların sanksiya altında olan banklarla əməkdaşlığına...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov buna bir neçə aspektdən yanaşdı: “Bütövlükdə, Qərbin timsalında Rusiyaya qarşı sanksiyaların güclənməsi müşahidə edilir. Nəzərə almaq lazımdır ki, məhz ilkin mərhələdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan biri də bu ölkənin banklarının SWIFT-dən çıxarılması ilə bağlı oldu. Azərbaycan bankları praktiki olaraq Rusiya-Ukrayna müharibəsindən sonra Qərbin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiya tələblərini nəzərə almağa çalışıb. Bunu monitorinqlər də təsdiq edir. Çünki monitorinqlər göstərir ki, Azərbaycan bankları məhz bu tələbləri qorumağa çalışır. Düzdür, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyadan idxalın səviyyəsi yüksək olaraq qalmaqdadır. Yəni bu ölkəyə ixracımız idxaldan xeyli azdır. 2024-cü ilin sonundan isə Çin Azərbaycanın əsas idxalçı tərəfdaşıdır. Sözsüz, Mərkəzi Bank tərəfindən də mütəmadi olaraq bankların sanksiya altında olan banklarla əməkdaşlığına xüsusi həsaslıqla yanaşılıb. Buna xüsusi diqqət ayrılıb. O baxımdan hesab edirəm ki, bu qərarın Azərbaycan bank sektoruna ciddi təsiri olacağı gözlənilmir”.

Vidadi ORDAHALLI

Chosen
54
baki-xeber.com

1Sources