EN

Paşinyan "Qareginə güzəşt yoxdur" dedi - müxalifətdən "baxarıq" cavabı aldı...


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. O, çıxışında erməni kilsəsini insanları mənəvi dəyərlərlə tanış etmək əvəzinə, bunun əksini etməkdə ittiham edib: “Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək”.

Qeyd edək ki, Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma Nikol Paşinyanın sosial şəbəkələrdə yüksək rütbəli ruhaniləri tənqid etdiyi sərt açıqlamalarından sonra daha da şiddətlənib. Daha sonra hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, bu prosesdə dövlətin əsas rol oynamasını təklif edib. İyunun 25-də genişmiqyaslı istintaq fəaliyyətləri zamanı arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı saxlanılıb. Ermənistanın İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını açıqlayıb. Bunların fonunda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Vaaqn Aleksanyan bildirib ki, Nikol Paşinyan hələ də Eçmiədzinin mərkəzi meydanında genişmiqyaslı ruhani toplantı təşkil etmək niyyətindədir və bundan sonra II Qareginin yola salınması prosesinə start veriləcək: “Paşinyan bu ideyadan əl çəkməyib, toplantı mütləq baş tutacaq. Hazırda tarix hələ müəyyən edilməyib, lakin təyin olunanda biz bunu mütləq elan edəcəyik. Bu, çox mühüm hadisə olacaq”. Yada salaq ki, bir müddət əvvəl baş nazir Paşinyan nəşrlərin birində vətəndaşları Eçmiədzində böyük ruhani toplantıya hazırlaşmağa çağırmışdı: “İbadətlə yaşayın, oruc tutun və Eçmiədzinin mərkəzi meydanında keçiriləcək Böyük Ruhani Toplantıya hazırlaşın”. Ermənistan mətbuatı yazır ki, bunlara paralel olaraq Nikol Paşinyan kilsə ilə münasibətlərdə yeni mərhələyə – “B planı”na keçib. Məsələ ilə bağlı “İravunk” qəzeti yazır: “Paşinyan “B planı”na - kilsə daxilində xaos yaratmaq planına keçib. Məqsəd din xadimlərini bir-birinə qarşı qoymaqdır. Bunun üçün onlar din xadimləri arasındakı köhnə münaqişələrdən istifadə edəcəklər. Artıq bu məqsədlə kilsə rəhbərliyinin sıralarına xüsusi insanlar daxil edilib. Onların qarşısına qoyulan missiya kilsə daxilində münaqişələri qızışdırmaqdır. Deyilənə görə, Paşinyanın proqramının kulminasiya nöqtəsi ruhanilər arasındakı münaqişənin açıq müstəviyə keçməsi olacaq”. Bir daha xatırladaq ki, Ermənistan baş naziri bundan əvvəl dəfələrlə ölkənin baş keşişini istefa verməyə çağırıb. II Qaregini dini andlarını pozmaqda və kilsəyə xəyanətdə ittiham edən Paşinyan onun istefasına nail olmaq üçün lazımi addımların atılacağını da bəyan edib.

Hazırda erməni cəmiyyətində Paşinyanın əsas rəqibi kilsə və böyük maliyyə imkanlarına malik olan bir neçə sahibkardır. Onların arxasında isə Rusiya dayanır. Bu səbəbdən Paşinyan parlament seçkiləri ərəfəsi kilsə və siyasi proseslərə qoşulmaq istəyən sahibkarları zərərsizləşdirmək istəyir. Bu fonda bəllidir ki, Paşinyan milyarder Samvel Karapetyana qarşı kampaniyanı davam etdirir. Karapetyan bundan əvvəl Erməni Apostol Kilsəsini baş nazirin hücumlarından qoruyacağına söz verdikdən sonra dövlət çevrilişinə çağırışa görə həbs edilib. Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, müxalifətin baş nazirin hücumuna effektiv müqavimət göstərmək imkanları azdır: “Biz Paşinyandan, o cümlədən məhkəmə sisteminə misli görünməmiş təzyiqlər görürük. Hakimiyyətin istənilən əmrini yerinə yetirməyə hazır olan hakimlər var. Xüsusilə Karapetyan bununla üzləşib. Onun həbsi tam hüquqa zidd idi. Bundan əlavə, Paşinyan Qərbin razılığı ilə hərəkət edir. Onlar baş nazirin Rusiyayönlü qüvvələrə qarşı təzyiqlərinə göz yummağa hazırdırlar”. Bununla belə, Rusiyayönlü qüvvələr də hakimiyyətə qarşı fəaliyyətlərini dayandırmır. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bu xüsusda bildirir: “Hakimiyyəti dəyişmək gündəmimizdə daim olub, bu gün də var”. O əlavə edib ki, rəhbəri olduğu Respublika Partiyası Nikol Paşinyanın impiçment məsələsi ilə bağlı parlament dinləmələri keçirməyi planlaşdırır: “Bunu etməyin düzgün və optimal yolu hökumətə, baş nazirə etimadsızlıq göstərməkdir, yəni impiçmentdir”. Sarkisyan Nepal və Fransanı misal çəkib. Nepalda hakimiyyətin zorakılıq və qətl, Fransada isə parlament vasitəsilə dəyişdiyini deyib: “Xalqımıza nə təklif edə bilərik?”. Onun sözlərinə görə, rəhbərlik etdiyi qüvvənin gündəmində həmişə hakimiyyət dəyişikliyi olub və qalır. Və bu məsələnin müzakirəsi üçün ən optimal yer qanunverici orqandır: “İndi isə, sizcə, həbsxanalar dolmayıb? Ermənistan Respublikasının tarixində heç vaxt bu qədər siyasi məhbus olmayıb. Və hər şey eyni ruhda davam edərsə, bu rəqəm təbii olaraq artacaq. Təbii ki, narahatlıqlar var, lakin daimi qorxu içində yaşamaq çıxış yolu deyil”. İmpiçment yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün olmasa, Respublika Partiyasının 2026-cı il parlament seçkilərində mümkün iştirakı ilə bağlı sualı cavablandıran Sarkisyan qeyd edib: “Görəcəyik. Vaxtı gələndə qərar verəcəyik”.

Samirə SƏFƏROVA

Chosen
15
baki-xeber.com

1Sources