EN

“Chevron” Yunanıstanda dənizdə qaz kəşfiyyatına maraq göstərir

Yunanıstanın energetika naziri Stavros Papastavrou çərşənbə günü ölkə mediasına açıqlayıb ki, ABŞ-ın neft şirkəti “Chevron” Yunanıstanın “Helleniq Energy” şirkəti ilə konsorsiumda Yunanıstan dənizində dörd blokda təbii qazın kəşfiyyatı üçün tenderə qoşulub.

Ölkə bu il tenderə “Chevron” və neft emalı şirkəti Helleniq Energy-nin Peloponnes yarımadası və Krit adasının yaxınlığındakı dörd dərin dəniz blokuna maraq göstərməsindən sonra başlayıb.

“Chevron” sözçüsü də dörd blok üçün təklifi təsdiqləyib.

“Chevron” Şərqi Aralıq dənizində böyük və mühüm mövqeyə malikdir, bu region bizim gələcəyimizin bir hissəsidir və bizim üçün prioritetdir”, -deyə o bildirib.

Çox kiçik həcmdə neft hasil edən Yunanıstan son illərdə bərpaolunan enerji istehsalını artırıb, lakin hələ də elektrik enerjisi istehsalı üçün böyük ölçüdə qazdan asılıdır. Yunanıstan Moskva-Kiyev münaqişəsi gücləndikdən sonra Rusiya enerjisindən uzaqlaşmaq üçün Avropa İttifaqının bir hissəsi kimi ölkədaxili resurslardan istifadə etməyi hədəfləyir.

Kritin cənubunda, Misir sahillərində tapılan böyük qaz ehtiyatı yunan sularının da əhəmiyyətli qaz ehtiyatlarına malik ola biləcəyinə dair ümidlərə səbəb olub.

Qeyd edək ki, Krit yaxınlığındakı bu ərazi hazırda digər ABŞ neft nəhəngi “ExxonMobil”in rəhbərlik etdiyi konsorsiumun seysmik məlumatların qiymətləndirilməsini apardığı iki lisenziyalı blokla həmsərhəddir.

Nubar Süleymanova, “İki sahil”

Chosen
5
ikisahil.az

1Sources