EN

Ermənistandan sürpriz qərar: Ordu buraxılır?

BAKI, 12 sentyabr. TELEQRAF

Azərbaycan sülh danışıqları zamanı İrəvanın qarşısına Ermənistanın demilitarizasiyası (hərbsizləşdirmə) tələbini qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Ermənistan hökuməti 2026-cı ilin yayında həyata keçirilməsi nəzərdə tutulan icbari hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə endirilməsi ilə bağlı qanun layihəsini dövriyyəyə buraxıb:

“Qanun layihəsində əsas kimi qeyd olunur ki, son illərdə müqavilə əsasında hərbi xidmətin genişləndirilməsi, peşəkar hərbi xidmət proqramı, çavuş sistemi, hərbi qulluqçuların attestasiyası sistemi və sərhəd hərbi hissələrində uzunmüddətli xidmətə görə hərbi təqaüd saxlanılmaqla müqavilə əsasında hərbi xidmətin təşkili prosesi və digər çərçivələrdə səmərəli addımlar atılıb.

Əldə etdiyimiz məlumata görə, layihəni açıqlamazdan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahına gələn hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyinə layihədə ciddi təhlükə və risklərin olması barədə xüsusi xəbərdarlıq ediblər.

Əvvəla, aktiv işə götürülmə ilə bağlı əsaslandırma reallıqdan çox uzaqdır, çünki son 4 ildə minlərlə ehtiyatda olan hərbçi və Ermənistan Könüllülər Birliyinin nümayəndələri hər il döyüş növbətçiliyinə, ya da post-mühafizəyə cəlb edilməli olub. Bundan əlavə, hesablamalara görə, bu dəyişikliklər nəticəsində iki illik xidmət müddətində ordunun şəxsi heyətinin sayı 4-5 min nəfər azalacaq.

Yuxarıların hərbi qulluqçulara cavabı belə olub: kim işləmək istəmirsə, ərizə yazıb getsin. Onlar həmçinin bildiriblər ki, Azərbaycanla sülh müqaviləsi imzalanır və sülh dövründə onların hesablamaları hərtərəfli əsaslandırılacaq”.

“Hraparak”a görə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın hərbsizləşdirilməsi tələbi çərçivəsində baş verir: “Bu dəyişiklik həmin tələbin ardınca gəlir. Zaman keçdikcə Ermənistan ordusunun mövcudluğunu şübhə altına alacaq”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentdə çıxışında 2026-cı ildə hərbi büdcənin azaldılacağını da açıqlamışdı.

Chosen
39
teleqraf.com

1Sources