EN

Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü – TƏFƏRRÜAT

BAKI, 12 sentyabr. TELEQRAF

Balakən rayonunda sevdiyi qıza hədə-qorxu gəlməkdə ittiham olunan 27 yaşlı oğlan həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib.

1998-ci il təvəllüdlü kənd sakini Vüsal Babayev (ad-soyad şərti verilib – red.) sevdiyi Əsmər Xəlilovanı ona vermədikləri üçün onun ünvanına ucadan söyüş söyüb. Həmçinin o, Əsmərin ailə həyatı qurmağa hazırlaşdığı oğlana hədə-qorxu gəlib.

Vüsalın hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayət olunub. Şikayətlə bağlı araşdırma aparılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə iş qaldırılıb.

İzahat verən təqsirləndirilən şəxs bildirib ki, Əsməri sevib, lakin sonradan onu başqasına ərə vermək istədiklərini eşidib: “Bu səbəbdən dəfələrlə Əsmərə zəng etdim. Hətta onunla evlənmək istəyən oğlanla mübahisə edərək onu hədələdim. Hadisə günü Əsmərin yaşadığı ünvana gedərək onu evin qarşısına çağırdım. O, anası ilə birlikdə küçəyə çıxdı. Həmin vaxt aramızda mübahisə baş verdi. Əsəbiləşərək Əsmərin ünvanına nalayiq ifadələr işlətdim”.

Təqsirləndirilən şəxs deyib ki, törətdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməyəcək.

Zərərçəkən Ə. Xəlilovanın sözlərinə görə, sentyabrın 6-dan Vüsal telefonla dəfələrlə ona zəng edib və onu narahat edib: “Bu barədə Balakən Rayon Polis Şöbəsinə məlumat verdim. Anam isə dəfələrlə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdi. Sentyabrın 10-da saat 12:00-da Vüsal yaşadığım evin qarşısına gəldi və məni səsləyərək küçəyə çağırdı. Mən də məcbur qalıb küçəyə çıxdım. Anam da mənimlə birlikdə gəldi.

Vüsala bir daha məni narahat etməməsini desəm də, öz əməlini davam etdirdi. O, küçədə anamın yanında nalayiq ifadələr işlədərək məni təhqir etdi. Bundan sonra ərizə ilə rayon polis şöbəsinə müraciət etdim və şikayətçi oldum”.

Balakən Rayon Məhkəməsinin qərarı ilə V. Babayev 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Chosen
11
1
teleqraf.com

2Sources