EN

Ekspert naziri debata çağırıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

“Elm və təhsil naziri Emin Əmrullayevin dünəki brifinqi yenə də təhsildə baş verənləri, real vəziyyəti əks etdirmirdi. Əslində cəmiyyəti və mətbuatı real vəziyyətdən yayındırmaq xarakteri daşıyırdı. Nazirin "Azərbaycan təhsil eksperti yoxdur" fikrinə gəlincə, təhsil eksperti sosial statusdur, rəsmi vəzifə deyil, rəsmi kriteriyaları da yoxdur. Mətbuat və ya cəmiyyət buna təhsil eksperti deyir. Nazir olimpiadalardan, istedadlı uşaqlardan da danışdı. Niyə qeyd etmədi ki, istedadlı uşaqlarla iş ölkədə məhv edilir? Nazir niyə danışmır ki, özünün də, elə mənim də bitirdiyim Fizika-riyaziyyat və informatika təmayüllü lisey bir ildən çoxdur ki, direktorsuzdur. Ora direktor əvəzi Azərbaycan dili və ədəbiyyat müəllimi qoyulub. Nazir niyə bunu danışmır bəs, lisey və gimnaziyalara qəbul üçün keçirilən sınaqlara hətta mayın 31-dək biletlər satılır, amma mayın 25-də deyilir ki, biz yalnız VI sinfi bitirənləri liseyə qəbul edirik. Dünyada istedadlı uşaqlarla iş 3 yaşdan başlayır, bəs niyə Azərbaycandakı lisey və gimnaziyalarda ibtidai siniflər bağlanır? Beş, altı, yaxud yeddi, səkkiz, doqquzuncu siniflərə qəbul niyə dayandırılıb? Axı nazirin özünün oxuduğu Fizika-riyaziyyat və informatika təmayüllü lisey doqquzuncu sinif də daxil olmaqla qəbul var idi. Necə ola bilir ki, ölkədə bu qədər riyaziyyatçı və ya digər sahələr üzrə mütəxəssislər yetişə bilir? Nazir niyə demir ki, istedadlı uşaqlarla iş bazara çevrilib?”Reyting.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil mütəxəssisi Elşən Qafarov deyib.“Lisey və gimnaziyalar üçün imtahanı təhsil institutu keçirir və məlum olur ki, suallar sızdırılıb. Haradan sızdırılıb? Təhsil İnstitutunun işçiləri görürlər ki, hamı bazar açıb, qazanır. Onlar da sualları satırlar. Nazir bunları niyə brifinqdə danışmadı? Nazir səbəbini niyə demir ki, təqribən, beş-yeddi il əvvəl beynəlxalq olimpiadalarda yer tutan istedadlı uşaqlarımızın sayında kəskin eniş var. Lisey və gimnaziyalara mərkəzləşmiş imtahan keçirirlər və humanitar sahədə qabiliyyəti olan şagirdlə texniki sahədə istedadlı olan şagirdə eyni sual verilir, humanitar təmayüllü uşaq riyaziyyat təmayüllü gimnaziyaya düşür, yaxud əksinə. Nazir bunları niyə açıqlamır? Təhsili ölkədə niyə bu qədər bərbad vəziyyətə saldığını, təhsilin ancaq imtahanlardan ibarət olduğunu niyə danışmır? Bəli, “təhsil eksperti” adlı xüsusi bir vəzifə yoxdur. Mən Emin Əmrullayevi debata dəvət edirəm. Ümumtəhsil, məktəbəqədər təhsil sahəsində baş verən dağıdıcı fəaliyyətini müzakirə etmək istəyirəm. Onun cəsarəti çatarmı? Sadəcə, brifinqdə monoton şəkildə danışdı ki, yox, elə deyil, belədir. Madam ölkədə təhsil eksperti, təhsil mütəxəssisi yoxdur, yaxud Nazirlik bunu qəbul etmirsə, olsun. “Nazirlik” deyəndə Emin Əmrullayev qəbul edilir. Çünki biz təhsil mütəxəssisləri Emin Əmrullayev və onun yaxın adamlarının bütün korrupsiya əməllərini, ölkə təhsilini dağıtmaq yolunda göstərdiyi fəaliyyəti ifşa edirik. Azərbaycan televiziyalarının hər hansı birində, yaxud brifinqdə şəxsən mən Elşən Qafarov olaraq onu debata çağırıram. Azərbaycan təhsilinin son beş ildə düşdüyü vəziyyəti bir yerdə müzakirə edək. Emin Əmrullayevin cəsarəti çatırsa, tanımadığı təhsil mütəxəssisələrini, ekspertləri, təhsil texnoloqlarını – adımızı necə adlandırırsa, bizimlə birgə brifinqə çıxsın. Biz bunu keçən brifinqdə də təklif etmişdik. Faktlarla danışaq ki, Azərbaycan təhsili nə qədər bərbad və rəzil günə salınıb”, - o bildirib. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
3
reyting.az

4Sources