EN

İran: Uran ehtiyatları bombalanmış obyektlərin altında qalıb

İsrail və ABŞ-nin iyun ayında İranın nüvə obyektlərinə təşkil etdiyi hücumlar nəticəsində ölkəyə məxsus zənginləşdirilmiş uran ehtiyatları dağıntıların altında qalıb. 

"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. 

Əraqçi bu barədə dövlət televiziyasında iştirak etdiyi proqramda danışıb. Uran ehtiyatlarının harada olduğu ilə bağlı sualı cavablandıran Əraqçi deyib: 

“Nüvə materiallarımıza dair hər şey bombalanmış obyektlərə edilən hücumların yaratdığı dağıntıların altındadır. Bu materialların əldə olunub-olunmadığı və bir hissəsinin vəziyyəti hazırda İran Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilir”. 

Əraqçi əlavə edib ki, bu qiymətləndirmə tamamlandıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq və Şura ölkənin təhlükəsizlik narahatlıqlarını nəzərə alaraq növbəti addımlara qərar verəcək. BMT sanksiyalarının yenidən tətbiq olunması halında İranın reaksiyasının qəti olacağını vurğulayan A.Əraqçi deyib: 

“Bu reaksiyanın forması və növü Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcək. Çünki bu məsələ bu gün ölkənin xarici siyasətinin ən mühüm mövzularından birinə çevrilib və xüsusilə Təhlükəsizlik Şurasının səlahiyyət sahəsinə daxildir”. 

İranın bu vəziyyətdə Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxma ehtimalına dair isə Əraqçi bildirib: 

“Zaman-zaman NPT-dən çıxmaq məsələsi də seçimlərdən biri kimi gündəmə gəlib, lakin İran İslam Respublikasının seçimləri yalnız NPT-dən çıxmaqla məhdudlaşmır və hansı seçim ölkənin maraqlarına ən yaxşı şəkildə xidmət edirsə, o qərar qəbul ediləcək”. 

Əraqçi, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə ötən gün Qahirədə imzalanan razılaşma barədə də məlumat verərək bildirib ki, hazırda heç bir yoxlamaya icazə verilməyib. Gələcək yoxlamalar daha çox müzakirə və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək. 

Chosen
23
cebheinfo.az

1Sources