EN

Belarus və Rusiya NATO-nu narahat edən "Qərb-2025" təlimlərinə başladı

Sentyabrın 12-də Belarusda "Qərb-2025” adlı strateji təlimlər başlayıb. Təlimlərdə Belarus və Rusiya ordusu mümkün "aqressiyanın dəf edilməsi” və qarşılıqlı əlaqənin gücləndirilməsi üzrə fəaliyyətləri məşq edəcək.

News365.az xəbər verir ki, bu barədə Belarusun dövlət agentliyi BelTA yazıb.

Təlimlər sentyabrın 16-dək davam edəcək və Belarus Respublikası ilə Rusiya Federasiyasının poliqonlarında keçiriləcək.

Məlumatda qeyd olunur: "Təlimin məqsədi – İttifaq Dövlətinin hərbi təhlükəsizliyinin təmin olunması və mümkün aqressiyanın dəf edilməsinə hazırlıq çərçivəsində Belarus və Rusiya qoşunlarının birgə hərəkətlərinin məşqidir”.

Təlimlərdə diqqət yönəldilən əsas məqamlar: hücumun dəfi zamanı qoşunların idarə edilməsində komandanlıq və qərargah bacarıqlarının təkmilləşdirilməsi, idarəetmə orqanları ilə hərbi qulluqçuların qarşılıqlı əlaqəsinin gücləndirilməsi, həmçinin İttifaq Dövlətinin sərhədlərindəki təhdidlərin neytrallaşdırılması və vəziyyətin sabitləşdirilməsi üzrə birgə hərəkətlərin məşqi.

"Qərb-2025” planlı tədbirdir və bundan əvvəl hər iki ölkənin ərazisində hazırlıq manevrləri həyata keçirilmişdi.

Təlimlər Belarus ərazisində əsasən ölkənin dərinliklərində və ya şərq bölgələrində yerləşən poliqonlarda keçirilir. Bununla belə, NATO bu təlimlərə görə yüksək ayıqlıq vəziyyətində qalır.

Qeyd edək ki, Polşa sentyabrın 11-i axşamdan "Qərb” təlimlərinə görə Belarusla sərhədini tam bağlayıb. Bu qərar Rusiya dronlarının düşməsi hadisəsindən əvvəl qəbul olunmuşdu.

Latviya Seymi isə cümə axşamı Rusiya və Belarusla sərhədlərin tam bağlanmasına səs verib.

Polşa və Latviya, həmçinin Belarus sərhədinə yaxın ərazilərdə öz hava məkanında uçuşlara məhdudiyyət qoyublar.

"Skhemy” (Radio Svoboda layihəsi) Belarus xidmətinin jurnalistləri və Estoniyanın Delfi Estonia ilə Eesti Ekspress nəşrləri ilə birlikdə Planet Labs peykinin çəkilişlərini təhlil edərək müəyyənləşdiriblər ki, Belarus hakimiyyəti son illərdə bir sıra hərbi aerodromları modernləşdirib. Onların arasında 2022-ci ildə Rusiyanın Ukraynaya hücumlar üçün istifadə etdiyi aerodromlar da var. Bundan başqa, ölkə ərazisində raket infrastrukturu genişləndirilir.

Belarusda yeni hərbi bazaların tikintisinə də başlanılıb – Minsk yaxınlığındakı obyektlərdən biri ekspertlərin fikrincə, strateji əhəmiyyət daşıya bilər. Çünki həmin ərazidə Rusiyanın "Oreşnik” ballistik raketlərinin yerləşdirilməsi istisna edilmir.

Jurnalistlərin peyk şəkillərinin analizi əsasında gəldiyi qənaətə görə, Belarus öz raket infrastrukturunu sürətlə inkişaf etdirir.
Chosen
19
1
news365.az

2Sources