Sumqayıt sakini Vəkil Verdiyev: “Deyirlər ki, mərkəzi qoyub, dağın dibinə getməyəcəyik, get sən Qubadlıda yaşa”
Sumqayıt şəhər sakini Verdiyev Vəkil Rza oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir:
“Cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Mən, Sumqayıt şəhərində 4 otaqlı evi olduğu halda keçmiş məcburi köçkün tərəfindən evi mənimsənilən Verdiyev Alik Vəkil oğlu, yazaraq sizlərdən kömək gözləyirəm.
Artıq yorulmuşam. Cavan deyiləm, əvvəlki sağlamlığım yoxdur. Mən də rahat yaşamaq istəyərəm.
Allaha çox şükür, torpaqlarımız alındı. Cənab Prezident torpaqlarımızı erməni işğalından xilas etdi. Nə qədər analar gözü yaşlı qaldı, balalar atasız qaldı, mərd oğullarımız əlsiz-ayaqsız qaldı, amma həmin oğulların sayəsində biz qalib olduq. Bir olub, birlik göstərib bir-birimizə dəstək olduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin.
Mən illərdir utandığımdan öz evimə tərəf baxa bilməmişəm. Çünki onların əziyyətləri gözümün qabağında kino fraqmenti kimi canlanırdı. Hər zaman fikirləşmişəm ki, kiminsə evində yaşamaq heç kəsə xoş olmaz. Amma son vaxtlar baş verənlər mən bu yaşımda dəhşətə gətirib.
Torpaqlarımız alınıb, evimdə yaşayan qaçqın məndən yataqxana və pul tələb edir. Onun da “sağ ol” deməyi belədir yəqin. DTX əməldaşı tərəfindən yoldaşıma təhdid mesajı yazılır. Oğlanlarımın hansısa hirsə boğulub cinayət törətməyindən qorxuram.
Sumqayıt şəhəri, 12-ci mikrorayona köç edib, orada məskunlaşan və yaxud da mənim kimi ev sahiblərini evini mənimsəyən qaçqınlar sanki başqa dünyadan gəliblər. Qadına yaraşmaz hərəkətlər, təhdidlər, söyüşlər inanın adamı dəhşətə gətirir. İllərdir evimdə məskunlaşan ailə bu gün məni və ailəmi təhdid edir. Zavod tərərifndən bizə verilən evlərə qaçqınlar zorla girərək, 32 ildir orada yaşayırlar. Biz isə kürayədə və yataqxanada sürünürük.
Mərifət, mədəniyyət tamamilə yaddan çıxıb. Bir kişi çıxıb adamla söhbət etmir. Qadın qışqırıqları, qadın söyüşləri bloku bürüyür. Bəzi video görüntülər var ki, orada olan söyüşlərə görə onu saytlarda işıqlandırmağa utandım.
Hər gün təhdid almaq olar? Mən qaçqın deyiləm, amma şərəfim və namusumla yaşayan Azərbaycan vətəndaşıyam. Mən kömək istəyirəm. Oğlumun ailəsi evsizlikdən dağılmaq üzrədir. Mənə kömək edin, öz evimdə yaşayım.
Cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İcra məmuru mənə deyir ki, yuxarıdan tapşırıq gəlməsə mən onları evdən çıxara bilmərəm. DİN-in 102 xidmətinə zəng vurmuşam. Polis əməkdaşları gəlib. Onlar belə, bu biabırçılığın qabağında susub qaldılar. Adamı sözləri ilə məcbur edirlər ki, araya qan düşsün.
Ömrümün çoxu gedib. Mənim də haqqımdır ki, övladlarımı ailəli görüm. Ölümlü dünyadı, niyə mənim cənazəm, evim olduğu halda, yataqxanadan çıxsın? Yaxud insan adına, qadın adına, qaçqın adına ləkə gətirən bir ailə orda yaşasın… Təhdid, təhqir etdi, amma cəzasız qaldı. Budurmu ədalət?
Son 4 ildə bizi o qədər məcbur etdilər ki, onların səs yazısını yazıb yaydıq. Məcbur qaldım, amma faydası olmadı. Onlar biabırçılıqdan da qorxmayan adamlardır. Ətrafımda tanıdığım yaxşı, hörmətli qaçqın ailələri də var. Onlar məni görəndə deyirlər ki, Bəkir kişi, bəzilərinə görə utanırıq.
Axırıncı gedişimizdə polis əməkdaşları da gördü, bir blokun bütün qadınları çıxıb üstümüzə hücüm çəkirdi.
Cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Baş verənlərə baxmayaraq, “Qaçqınkom” və Ədliyyə Nazirliyi susur. Gözləyirlər ki, bəzi qaçqınlar yeyrli sakinləri təngə gətirsin, ortaya qan düşsün. Bu halda biri türməyə, biri də qəbirə gedəcək. Bir qurum çıxıb demir ki, mənimsənilən evlərdən çıxın. “Qaçqınkom”un verdiyi yaşayış yerini qaçqın bəyənmir. Bu hansı qanunda yazılıb? O, bəyənməyib getməyəcək deyə mən evsiz qalmalıyam? Onları ordan köçürmək lazımdır. Xahiş edirəm diqqətə alın. Kimisi deyir ki, hara gedim, dövlət ev versin. Ay onu deyən, erməni sənin evini, sən də mənim evimi mənimsəməlisən?
Mən xahiş edirəm, bu şikayəti cavabsız qoymayın. İcra məmuru işini görmək üçün “yuxarıdan tapşırıq gəlməlidir” deyir. Bu tapşırıq hər nədirsə verilsin, biz də işimizi bilək. Açıq təhdid, təhqir olunuruq, dövlət qurumları buna göz yumur. Bu qədər insafsızlıq olmaz axı.
3 nəfərlik ailənin evimdən çıxmağını tələb edirəm. Öz evimə gedib-gələ bilmirəm. Bütün keçmiş qaçqınlar üstümə gəlib, dava edirlər. “Çıxmırıq, ölsəniz də çıxmırıq. Mərkəzi qoyub, dağın dibinə getməyəcəyik. Get sən Qubadlıda yaşa”, - deyirlər.
Səsimə səs verin. Mən və ailəm sizdən kömək istəyirik”.
Jalə FAMİLQIZI
P.S. Qarşı tərəfin mövqeyini də öyrənməyə çalışdıq. Keçmiş məcburi köçkün Hüseynova Mehriban Qüdrət qızının oğlu qıraqdan etik qaydalara uyğun olmayan ifadələr işlətdiyinə görə, məcbur qalıb telefon zəngini sonlandırdıq.