EN

İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına dair Tədbirlər Planının icrası ilə bağlı görüş keçirilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın növbəti il üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair müzakirələr baş tutub. Onlayn görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov, Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli, şöbənin digər əməkdaşları və Tədbirlər Planında qeyd edilmiş  əsas icraçı qurumların nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyət azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması ilə yanaşı, dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir. Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2025-ci il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrin icrasına dair indikativ planlaşdırma zamanı diqqət yetirilməli istiqamətlər vurğulanıb. Bununla yanaşı, qeyd olunan tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, eləcə də Tədbirlər Planı istiqamətində qiymətləndirmə imkanlarının artırılması ilə bağlı əhəmiyyət daşıyan məqamlar qeyd edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.

Chosen
70
ikisahil.az

1Sources