EN

"Qarabağ bölgəsində böyük turizm imkanları mövcuddur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Turizm sahəsi Azərbaycanda prioritet sahələrdən birinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, ölkə başçısının xüsusi diqqəti nəticəsində respublikamızda turizm imkanları ildən-ilə genişlənir. Həm paytaxtda, həm də regionlarda turizm infrastrukturu qurulur: "Bilirik ki, Azərbaycanda həm qış, həm də yay turizmi imkanları mövcuddur. İstər paytaxtda, istərsə də regionlarda yeni otellər açılır. Bir çox dünya brendi olan otellərin Azərbaycanda fəaliyyəti həyata keçirilir və ölkəyə gələn qonaqlar rahatlıqla bu otellərdə istirahət edirlər. Çox qısa müddətdə mühüm nailiyyətlər əldə olunub.

Paralel olaraq, Qarabağ bölgəsində də böyük turizm imkanları mövcuddur və burada genişmiqyaslı işlər görülür. Çox qısa bir zamanda üç beynəlxalq hava limanı istifadəyə verilmişdir. Logistika imkanları sürətlə inkişaf edir və bölgəyə sürətli yollar çəkilir. Bu yaxınlarda Bakı-Ağdam və Bakı-Füzuli istiqamətində dəmir yolu xətlərində ilk qatarlar hərəkətə başlamışdır. Həmçinin bölgədə yeni otellər açılır. Bu da göstərir ki, yaxın gələcəkdə bu bölgəyə həm xarici, həm də yerli turistlərin axını gözlənilir. Paytaxtda isə bir çox beynəlxalq tədbirlər keçirilir. Məsələn, hər il Azərbaycanda Formula 1 yarışları təşkil olunur. Keçən il ölkəmizdə ən böyük tədbirlərdən biri olan COP29 planlaşdırılıb. Bu cür beynəlxalq tədbirlər, əlbəttə ki, turizm potensialımızı nümayiş etdirmək üçün əla fürsətdir.

Otellərin sayı da ildən-ilə artır. Bu, həm rəqabəti yüksəldir, həm də qiymətlərin tənzimlənməsinə səbəb olur. Nəticə etibarilə, hər büdcəyə uyğun turist Azərbaycanda istirahət edə bilər. Paralel olaraq, regionlarda da otellərin sayında artım müşahidə olunur. Hələlik, paytaxtda bu artım daha çoxdur, amma düşünürük ki, gələcəkdə bölgələrdə də bu dinamika davam edəcək.

Unutmaq olmaz ki, turizm sahəsi zəncirvari şəkildə bir-birinə bağlı qurumlardan ibarətdir: hava limanları, hava yolları, otellər, bələdçilər və s. Bütün bu qurumlar birlikdə çalışmalıdır ki, turistlərə yüksək keyfiyyətli xidmət göstərilsin və onların sayı ilbəil artsın".

Müəllif: Günel Fərzəliyeva
Chosen
17
1
sia.az

2Sources