EN

“Albaniya kimdir ki, belə addım atsın” — Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı

Albaniyada dünyada ilk dəfə süni intellekt əsasında yaradılmış model nazir kimi fəaliyyətə başlayıb. Kod və alqoritmlərdən ibarət olan bu modelə "Diella” adı verilib. Yeni süni intellekt naziri dövlət satınalmalarına cavabdeh olacaq. Baş nazir Edi Rama bildirib ki, "Diella” hökumətin fiziki olaraq mövcud olmayan ilk üzvüdür. 

Qeyd edək ki, model artıq "e-Albania” adlı dövlət rəqəmsal platformasında tətbiq edilib. 

Sabiq təhsil naziri Misir Mərdanov məsələylə bağlı AZXEBER.COM-a deyib ki, Albaniya o qədər də böyük və inkişaf etmiş ölkə deyil:


"Albaniya kimdir ki, belə bir addım atsın. Bu qərarı qiymətləndirmək çətindir. Süni intellekt artıq həyatımızın bütün sahələrinə nüfuz edib və ondan istifadə zəruridir. Lakin bu sahə ilə məşğul olan alimlərin fikirlərinə qoşularaq mən də düşünürəm ki, süni intellekt insanı əvəz edə bilməz – bu, mümkün deyil”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə AZXEBER.COM-a bildirib ki, Albaniyanın "Diella” adlı süni intellekt əsaslı modelini dövlət strukturlarına – xüsusilə satınalmalar kimi korrupsiya risklərinin yüksək olduğu sahəyə gətirməsi dünyada bir ilkdir və texnoloji baxımdan böyük maraq doğurur:


"Bu addım dövlət idarəçiliyində şəffaflığı artırmaq, insan səhvlərini və subyektivliyi minimuma endirmək baxımından müsbət bir təcrübə ola bilər. Xüsusən də rəqəmsal platformalarla inteqrasiya edildikdə sürət, dəqiqlik və vətəndaşlara bərabər xidmət imkanları təmin olunur. Amma eyni zamanda qeyd etmək lazımdır ki, süni intellektin dövlət səviyyəsində qərar qəbul etməsi tam etibarlı mexanizm deyil. Çünki hər bir alqoritm mövcud məlumatlara əsaslanır, bu məlumatlarda qərəz və ya boşluq olarsa, nəticələr də yanlış ola bilər. Bundan əlavə, hüquqi məsuliyyət məsələsi də açıq qalır: əgər səhv qərar verilərsə, buna kim cavabdeh olacaq – proqramı hazırlayan, yoxsa tətbiq edən? Gələcəkdə süni intellekt dövlət başçılarının və ya nazirlərin funksiyalarını tam əvəz edə bilib-bilməməsi daha çox nəzəri ehtimaldır. Çünki dövlət idarəçiliyi təkcə riyazi hesablardan ibarət deyil, həm də siyasi iradə, diplomatiya, insani dəyərlər və empatiya tələb edir. 

Süni intellekt məsləhətçi, analitik və ya dəstəkçi rolunda olduqda çox faydalıdır, amma siyasi qərarların tamamilə alqoritmlərə həvalə edilməsi hələ uzun müddət mümkün görünmür. 

Chosen
8
1
demokrat.az

2Sources