Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 628,8 min ton dizel yanacağı istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumata görə, bu, ötən ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 4,1 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 3 milyard 562,5 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % azdır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bu müddət ərzində Azərbaycanda 946,4 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 2,8 % azdır.
Hesabat dövründə 25,1 min ton sürtkü yağları, 159,5 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 8 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 42,8 %, neft bitumunun istehsalı isə 9,3 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 150,9 min ton maye qazlar, 463,1 min ton ağ neft, 149,8 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 13,9 %, neft koksunun istehsalı 8,2 %, ağ neftin istehsalı isə 7,5 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.