EN

Politoloq: Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək

Ermənistan Rusiyanın üçün kiçik qardaş deyil, tərəfdaşdır.
Bunu RTV1 telekanalına müsahibəsində Ermənistan Prezidenti Vaahn Xaçaturyan deyib.
“Rusiyalı tərəfdaşların Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almalarını istəyirik. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, lakin hesab edir ki, Rusiya da "iqtisadi mənada" Ermənistandan asılıdır”, - o bildirib.
Avropa İttifaqı (Aİ) ilə münasibətlər kontekstində Xaçaturyan bildirib ki, Ermənistan hakimiyyəti kiminlə necə ticarət və əməkdaşlıq aparacağını, diplomatik münasibət quracağını özü müəyyən etməlidir. Bununla yanaşı, o əmindir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq heç bir qaydanı pozmur və təşkilatın müəyyən etdiyi şərtlərlə işləyir.
Prezidentin sözlərinə görə, bu istiqamətdə indiyə qədər heç bir problem yaşanmayıb.

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Rusiya iqtisadi baxımdan Ermənistandan asılı deyil:

"Çünki Rusiya enerji daşıyıcıları sahəsində özünü tam təmin edən və hətta dünyaya iri həcmdə ixrac həyata keçirən ölkədir. Qaz, neft və elektrik enerjisi də daxil olmaqla, enerji sahəsində Rusiya özünə kifayət etməklə yanaşı, ixracda da əsas oyunçulardan biridir. Digər iqtisadi sahələr, xüsusilə də sənaye məhsulları kontekstində də Rusiya Ermənistan qarşısında asılı mövqedə deyil. Moskva və İrəvan iqtisadi münasibətlərində müəyyən qarşılıqlı maraqlar olsa da, bunlar məhduddur. Rusiya kənd təsərrüfatı və spirtli içkilər sahəsində Ermənistandan müəyyən məhsullar alsa da, bu, həlledici deyil. Çünki Rusiya bu məhsulları digər ölkələrdən də əldə edə bilər və özünün kifayət qədər güclü istehsalı var. Bununla belə, Rusiyanın Ukraynaya təcavüzündən sonra tətbiq edilən sanksiyalar Moskvanı alternativ yollar axtarmağa məcbur edib. Bu mənada Ermənistan Rusiyaya müəyyən imkanlar açır. Qərbdən birbaşa əldə edə bilmədiyi bəzi elektron və radioelektron avadanlıqlar, yarımkeçiricilər və digər vasitələr Ermənistan üzərindən təmin edilir. Həmçinin Rusiya qızıl və almaz kimi məhsullarını da Ermənistan vasitəsilə bazara çıxarır. Nəticədə, son üç ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 15 milyard dollara qədər artıb. Lakin bu, davamlı proses deyil. Rusiya sanksiyaları aşmaq üçün müxtəlif kanallardan istifadə edir və Ermənistan bunlardan sadəcə biridir. Gələcəkdə Ermənistan öz təhlükəsizliyini və siyasi suverenliyini gücləndirdikdən, sərhədlərin və kommunikasiya xətlərinin açılmasına nail olduqdan, Azərbaycanla sülh sazişi imzalayıb Qərbə çıxış əldə etdikdən sonra bu istiqamətdə daha konkret qərarlar verə bilər".

Analitik əlavə edib ki, hazırda Ermənistan Qərb və Avrasiya İqtisadi Birliyi arasında balansı qorumağa çalışır:
"Çünki Avropa bazarlarında Ermənistanın məhsulları üçün hələ kifayət qədər imkan yoxdur. Aİ inteqrasiya prosesi isə mərhələli şəkildə baş verəcək və yaxın perspektivdə tam üzvlük real görünmür. Bu səbəbdən rəsmi İrəvan hələlik balanslı siyasətini davam etdirəcək. Eyni zamanda, Rusiya Ermənistanın Aİ yönəlik siyasətini görür və təzyiq göstərir. Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək. Bu isə Rusiyanın bölgədə mövqelərini zəiflədərək, gələcəkdə Cənubi Qafqazdan tamamilə çıxarılmasına səbəb ola bilər".
Chosen
20
sherg.az

1Sources