EN

Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab: “Həsən Turabovun mənə şərait yaratması yalandır”

Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb. 

O, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb: 

“Mənim yadımdadır, Xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin düşünürdü ki, kinoda olduğu kimi teatrı da fəth edə bilər.  Həsən Turabov meydanı ona vermişdi. Rasim müəllimin özündən də soruşa bilərsiniz, deyirdi ki, mənimki teatrda alınmadı. Kinoda 3-4 dubl var, amma teatrda çalışan aktyorun hafizəsi, yaddaşı da iti olmalıdır.

Fəxrəddin Manafov da gəlmişdi, amma meydanı fəth edə bilmədi. Onlar nə atamın, nə də Həsən Turabovun reytinqinə düşə bildilər. Teatr artisti son mərhələdir. Onu əldə etmək üçün böyük güc lazımdır”. 

O, daha sonra əlavə edib: 

“Yadımdadır, Rasim müəllimin yaddaşı zəif idi, sözlər yadında qalmırdı. Atamda hədəf yox idi ki, kinoya gəlsin, kinonu fəth etsin. Onun əsas məqsədi teatr idi. Çünki güc səhnədə idi. Atam teatr aktyoru kimi tanınıb sevinmişdi. O istəyirdi ki, tamaşaçılar onu teatr aktyoru kimi yadda saxlasınlar. Rasim müəllimi də kino aktyoru kimi yadda saxlayıb, sevdilər. 

Rasim Balayev mənim çox sevdiyim aktyor, ucu-bucağı olmayan bir şəxsiyyətdir. Mən “Nəsimi” filminin vurğunuyam. Onun şeirlərini səsləndirirəm. Mən sadəcə gözümün şahidi olduğunu deyirəm. Həmçinin də Fəxrəddin Manafov. 

Fəxrəddin Manafovun “Təhminə və Zaur”dan başqa bir rolu var? Bəzi filmlər oldu, amma yadda qalmadı. “Udar”ı Zaur rolu ilə vurdu və yadda qaldı. Bu, mənim subyektik fikrimdir. Ümid edirəm ki, fikirlərim birmənalı qarşılanmaz”.

“Cebheinfo.az”a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib ki, teatrı fəth etmək kimi bir arzusu olmayıb: 

“Qoy desin, hansı teatr? Teatr var? Mənə heç bir şərait yaradılmayıb. Məni iki tamaşaya dəvət ediblər. Həsən Turabovun mənə şərait yaratması və s.  hamısı yalandır. Elə bir şey olmayıb. Sadəcə mənə dedilər ki, “İblis” obrazını oynayım. Bir də müəllimim Mehdi Məmmədov o tamaşanı qoymuşdu, 2000-ci ildə isə “Aydın”da Dövlət bəyi oynadım. Vəssalam. Yəni mənim teatrda işləmək həvəsim də olmayıb, çünki həmin vaxt mən çox yerlərdə kinoya çəkilirdim. Mənim teatrı fəth etmək kimi bir istəyim də olmayıb, arzum da”. 

Xalq artisti qeyd edib ki, yalnız teatrşünas və sənətdən anlayan şəxslərin fikirləri onun üçün əhəmiyyətlidir: 

“Qoy desinlər. Mən bilmirəm ki, o kimdir. Əgər bu fikirləri bir teatrşünas, teatrdan başı çıxan adam desəydi, məni maraqlandırardı. Baxırsan ki, sənin nə borcuna? Sən tamam başqa bir sahənin adamısan. Sənə dəxli olmayan məsələ haqqında niyə danışırsan? Onlardan çoxdur və mən də onların heç birinə cavab vermirəm”. 

Chosen
28
3
cebheinfo.az

4Sources