EN

Qurban Qurbanovun oğlunun toyu müzakirə yaratdı: Bu, günah sayılır?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Medianın və sosial şəbəkələrin diqqətini çəkən hadisələrdən biri “Qarabağ” futbol klubunun üzvü, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy mərasimi olub.

Əsmər adlı xanımla ailə həyatı quran futbolçunun toy məclisi qeyri-adi təşkilat tərzi ilə seçilib.

Belə ki, dini inanclar nəzərə alınaraq keçirilən mərasimdə kişi və qadın qonaqlar ayrı-ayrı zallarda əyləşib, musiqi müşayiətinə isə yer verilməyib.

İslam dininə görə toyda əylənmək, musiqi dinləmək doğrudanmı haramdır?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, islamda toy mərasimləri, xüsusilə nikah, sevinc və xoşbəxtlik mənbəyi kimi xüsusi bir məna və şəmaillə seçilir.

O qeyd edib ki, islam toylarındakı əsas prinsiplər halallıq, təmizlik və paklıqdır:

“Lakin toylarda içkinin təqdim olunması və şəhvəti təhrik edən musiqilərin ifası dinimizdə qətiyyən məqbul deyil. Bu gün toyu ictimaiyyətə açıq edirik. Qonaqlarımızı dəvət edərək onların məclisimizin şahidi olmalarını təmin edirik. Bu yolla insanlar “filankəs ailə qurdu” mesajını qəbul edirlər. Peyğəmbərimiz (s.ə.s) dövründə də ailələrin qurulması, toylar xüsusi dəflərlə elan edilərdi. O zamanlar əlbəttə ki, müasir musiqi alətləri yox idi, amma dəflər vasitəsilə şənlik ifadə olunurdu. Məqsəd insanların yeni qurulan ailəni bilməsi idi”.

Ağa Hacıbəyli

İlahiyyatçı bildirib ki, toy mərasimlərində xanımların və bəylərin ayrı-ayrı oturması islamda heç bir ziddiyyət yaratmır:

“İslam aləmində xüsusilə musiqi ilə bağlı çoxsaylı suallar səslənir. Bəzi baxışlarda musiqi haram sayılır, digərlərində isə fərqli yanaşmalar mövcuddur. Lakin Qurani-Kərimdə musiqi ilə bağlı konkret qadağa yoxdur. Musiqinin haramlığı ilə bağlı qaynaqlar daha çox hədislərdə qeyd olunur. Bu hədislərdə isə əsasən şəhvətə və əxlaqsızlığa, insanı dünya zövqlərinə aşırı bağlayan musiqilər qadağan olunur. Ancaq insanı Allaha, axirətə yönəldən, ədəbi, ərkani və təvazökar ruhda olan musiqilər halal və məqbuldur. Məsələn, mövlana musiqisində istifadə olunan ney alətində böyük bir ruh, fəlsəfə və mənəvi dərinlik var. Bu baxımdan musiqini bütövlükdə haram saymaq doğru deyil. İnsan tərəfindən yaradılan musiqi ilə kainatdakı musiqi arasında bir harmoniya mövcuddur, paralellik və uyğunluq var. Bu səbəbdən toy mərasimlərimizdə də müəyyən çərçivədə musiqinin olmasında problem yoxdur”.

İlahiyyatçı Əkrəm Həsənov deyib ki, bu mövzuda müxtəlif baxışlar mövcuddur:

“Bir qrup müsəlman toylarını musiqisiz və çalğısız, yalnız dini söhbətlər və dualarla keçirir, belə mərasimləri şəriətin tələb etdiyi kimi qəbul edir. İslam dinində toy mərasimi ailə həyatının başlanğıcını elan etmək, yaxın-qohum, qonşu və dostların iştirakı ilə həyata keçirilməsi tövsiyə olunan bir hadisədir. Toy məclislərində insanların sevinci və evlənən cütlüyün ictimaiyyətə təqdim olunması önəmli sayılır. Qurani-Kərimdə toyların necə keçirilməsi barədə xüsusi ayə olmasa da, ailə qurmaq, nikah bağlamaq və şadlıqla qeyd etmək bəyənilən işlər kimi vurğulanır. Allah Quranda buyurur: “Allahın nemətini və mərhəmətini bəyan edin” (Əd-Duha, 11).

Əkrəm Həsənov

Bu ayə alimlər tərəfindən insanın sevinc və xoş günlərini gizlətməməsi, əksinə, halal və ədəblə paylaşması kimi şərh edilir. Nikah da bir nemət olaraq şadlıqla elan etmək sünnə hesab olunur. Peyğəmbərimizin (s) hədislərində nikahın elan edilməsinin vacibliyi, şənlik və sevinclə keçirilməsinin təqdir olunması açıq şəkildə vurğulanıb. Məhəmməd peyğəmbər (s) buyurur:

“Nikahı elan edin, onu məscidlərdə bağlayın və dəflərlə bəzəyin” (Tirmizi, Nikah 6). Bu hədisdən aydın olur ki, islam nikahın gizli yox, aşkar və şənliklə keçirilməsini təşviq edir”.

İlahiyyatçının sözlərinə görə, başqa bir rəvayətdə Peyğəmbər (s) dəfin (sadə zərbsaz) səsi ilə toyun qeyd edilməsini müsbət qarşılayıb və bunu halal yolla toyun elan olunması kimi qiymətləndirib:

“Musiqi məsələsində islam alimləri arasında müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər musiqini qəti haram hesab etsə də, bir qismi niyyətə, məzmuna və icra tərzinə görə musiqinin halal və ya haram olduğunu ayırır. Əgər musiqi insanı harama, fəsada, israfçılığa və günaha yönəltmirsə, əksinə sevincin halal çərçivədə ifadəsinə xidmət edirsə, o zaman caiz sayılır. Hədislərdə xüsusilə qadınların öz aralarında dəf çalıb oynaya bilməsi qeyd olunur. Hətta ictimai olmayan yerlərdə ər-arvad arasında da oynamaq icazəlidir. İmam Qəzali və digər böyük alimlər dəfi və halal məzmunlu şeirləri caiz saymışlar. Peyğəmbərimizin (s) evində toy münasibətilə qızların dəf çalıb şeir oxuması da rəvayət olunub. Beləliklə, əylənmək, şənlənmək və oynamaq, əgər haram işlərə yol açmırsa, islamda qadağan deyil”.

Ə.Həsənov əlavə edib ki, toy mərasimlərində əsas şərt israfdan, harama yol verməməkdən və naməhrəm qadınla kişilərin ədəbsiz davranışlarından uzaq durmaqdır”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
globalinfo.az

1Sources