BAKI, TurkicWorld, Fərid Mikayılov
İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Əraqçi müsahibəsində bildirib.
“Nüvə materiallarımızla bağlı hər şey bombalanan obyektlərin dağıntılarının altındadır. Bu materialların əlçatan olub-olmaması və bir hissəsinin vəziyyəti hazırda İran Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilir”- deyə o bildirib.
Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.
Əraqçi BMT sanksiyalarının bərpa olunacağı təqdirdə Tehranın cavabının “qəti” olacağını vurğulayıb.
“Bu reaksiyanın forması və miqyası Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcək. Çünki məsələ artıq ölkənin xarici siyasətində ən mühüm gündəm mövzularından birinə çevrilib”- deyə o qeyd edib.
Nazir, İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxma ehtimalına da toxunub.
“Zaman-zaman NPT-dən çıxmaq məsələsi gündəmə gəlib, lakin İranın seçimləri təkcə bununla məhdudlaşmır. Hansı seçim ölkənin maraqlarına daha yaxşı xidmət edəcəksə, o qərar qəbul ediləcək”- deyə nazir vurğulayıb.
Əraqçi həmçinin Misirin paytaxtı Qahirədə İran ilə MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) arasında imzalanan razılaşmaya da toxunub. Onun sözlərinə görə, bu mərhələdə heç bir yoxlamaya icazə verilməyib, gələcəkdə həyata keçiriləcək monitorinqlər isə əlavə müzakirə və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqindən asılı olacaq.