EN

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinə qeydiyyat başlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin yeni mövsümündə iştirak üçün qeydiyyat başlayıb.

Qarabağ Dirçəliş Fondundan (QDF) AZƏRTAC-a verilən məlumata görə, QDF-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək turnirdə iştirak etmək istəyən komandaların qeydiyyatı noyabrın 1-dək davam edəcək.

Dövlət qurumları və ölkəmizdə fəaliyyət göstərən şirkətlər Qarabağ Dirçəliş Fonduna 2000 manat ianə etməklə turnirdə iştirak edə bilərlər.

Turnirin püşkatma mərasimi noyabrın 5-də, ilk turun oyunları isə 15-də təşkil olunacaq.

Qarabağın bərpasına töhfə vermək, eyni zamanda insanlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunacaq turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 40 komandanın iştirakı nəzərdə tutulur.

Oyunlar əvvəlki turnirdə olduğu kimi, Yasamal Royal Park ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçiriləcək.

Altı ay davam edəcək yarışda ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq, qızıl, gümüş və bürünc medalla yanaşı, xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa, turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə mükafatlar veriləcək.

Turnirin reqlamenti ilə daha ətraflı burada (https://revivalcup.az/turnirler/2/qaydalar) tanış olmaq mümkündür.

Belə ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaq.

Qeydiyyatla bağlı müraciət üçün bu linkə (https://revivalcup.az/qeydiyyat.php) keçid etmək mümkündür:

Xatırladaq ki, keçən il ilk dəfə təşkil olunan “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək üçün QDF-ə ianə edən dövlət qurumlarının və şirkətlərin komandaları (ümumilikdə 40 komanda) iştirak edib.

Turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Chosen
7
3
azertag.az

4Sources