EN

Abşeron dairəvi dəmir yolu üzrə hərəkət cədvəli avtomobil yollarının təmiri işlərinə uyğun optimallaşdırılıb

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 BakıŞamaxıYevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq.

Poliqon xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirilib ki, bu səbəbdən ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək:

"Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.


Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək".

A.Fərəcov qeyd edib ki, bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır:

"Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan–Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir".

"Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib", - deyə A.Fərəcov əlavə edib.

 

Poliqon.info

Chosen
9
26
poliqon.info

10Sources