Tatarıstanda Volqa çayıda qayığın çevrilməsi nəticəsində 4 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Volqa çayı üzərindəki Oktyabrski kəndi yaxınlığında göyərtəsində yeddi nəfərin olduğu qayıq çevrilərək batıb. Üç nəfər xilas ola bilib, dörd nəfər boğulub", - idarə öz Teleqram kanalında yazıb.
Qeyd olunur ki, xilasedicilər iki cəsəd tapıblar, daha iki nəfərin axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aşmış qayıq altı sərnişin üçün nəzərdə tutulub, lakin göyərtəsində yeddi nəfər olub. İlkin məlumatlara görə, insanlar xilasedici jilet geyinməyiblər.
Zelenodolsk rayonunun mətbuat xidmətinin rəhbəri Regina Çibrikova “İzvestiya”ya bildirib ki, yaralı iki qız yerli xəstəxanaya çatdırılıb. Həkimlər müəyyən ediblər ki, onlardan biri hamilədir.
"O, hazırda mütəxəssislər tərəfindən müayinə olunur, ultrasəs müayinəsindən keçir, ilkin olaraq heç bir xəsarət yoxdur", - o, aydınlıq gətirib.
İkinci qız, onun sözlərinə görə, xəstəxanaya yerləşdirməkdən imtina edib.
QAZİLER.AZ