Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilə başa çatır.
4-cü turda biri-birindən maraqlı oyunlar baş tutacaq ki, siyahıda olan ilk ad təbii ki, “Neftçi” – “Sabah” duelidir.
Bu komandalar arasında son illər yaranmış prinsipiallığın çempionata əlavə rəng qatdığını inkar edə bilmərik. Təkcə son iki mövsümün finişinə yaxın yaranmış vəziyyəti yada salmaq kifayətdir.
Psixoloji vəziyyət
“Ağ-qaralar” heyət olaraq ciddi islahatlara məruz qalıb, “tələbələr” isə yayda 6 oyunluq avrokubok təcrübəsi qazanıb, yeni transferlər həyata keçirib.
Kollektivlərin hazırkı durumundan danışmalı olsaq, “Neftçi”nin durumu ürək açmır. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 3 görüşdə aktivinə cəmi 2 xal yazdırmağı bacarıb, sonuncu turda “Turan Tovuz”a məğlub olub.
Düzdür, “Sabah” da iki həftə əvvəlki qarşılaşmada meydanı uduzaraq tərk edib. “İmişli”yə sürpriz yenilgi yaddaşlardan silinməyib. Lakibn fərq ondadır ki, Valdas Dambrauskasın komandasının aktivində 3 xal, ehtiyatda isə “Qarabağ”la oyun var. Yəni bu matçdakı mümkün qələbə turnir cədvəlindəki vəziyyəti bir xeyli yaxşılaşdıracaq.
Ciddi narahatlıq
Heyətlərə nəzər salanda, “Neftçi”nin durumunun ağır olduğu üzə çıxır. Milli komandalara dəvət olunan 6 futbolçu bu görüşə hazırlıqlarda iştirak edə bilməyib. Kapitan Emin Mahmudovla Elvin Bədəlov isə İslandiya və Ukrayna ilə oyunlarda əsas heyətdə yer almaqda kifayət qədər güc itiriblər.
Ölkəsinin yığmasından qayıdan Kuçla Sessinin son durumu da sual altındadır. Və ən vacib məqam, bakılıların müdafiə xəttinin dirəyi sayılan İqor Ribeyronun cəza səbəbindən vacib dueldə meydana çıxmaqdan məhrum olmasıdır.
Abasovun heyət qurmaq, xüsusən də müdafiə xəttini formalaşdırmaq baxımından ciddi narahatlıq yaşayacağı sirr deyil.
Yenə əcnəbi
Hazırda Premyer Liqanın 12 klubunda beş xarici mütəxəssis çalışır ki, Samir Abasov onlardan ikisi ilə üz-üzə gəlib.
Jorj Kaştilyanın “İmişli”si ilə dueldə qolsuz bərabərlik yaşanıbsa, Kurban Berdıyevin “Turan Tovuz”u ilə mübarizədən “Neftçi” məğlub ayrılıb.
İndi isə növbədə daha bir xarici həmkar – Valdas Dambrauskasdır. “Ağ-qaralar”ın çalışdırıcısının litvalı məşqçi ilə taktika savaşında nəyə nail olacağını 90 dəqiqənin tamamı göstərəcək.
Bilinən odur ki, bərabərsəviyyəli komandaların qarşılaşmalarının müqəddəratını ya ayrı-ayrı futbolçuların ustalıq səviyyəsi, ya da baş məşqçilərin tapşırıqları və oyuna müdaxilələri həll edir.
Sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək görüş saat 19:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ