EN

Zəngəzur dəhlizindən keçənlər əllə yoxlanılmayacaq - Paşinyan söz verdi...


İlqar Hüseynli: “Köhnə metodlardan istifadə olunmayacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 10-da Milli Assambleyanın (Parlament) iclasında Ermənistan sərhədçilərinin azərbaycanlıları yoxlayıb-yoxlamayacağına aydınlıq gətirib.

“Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milliyyət, irq, din və vətəndaşlıqdan asılı olmayaraq hər kəsə şamil edilir”. Bunu N. Paşinyan “Ermənistan” müxalifət blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib. Deputat, xüsusilə də kommunikasiyaların bağlanması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub.

Paşinyan cavab verib ki, Ermənistan Respublikasının yurisdiksiyası hamıya eyni dərəcədə şamil edilən dövlət prinsipidir.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan müasir texnologiya və mexanizmləri mənimsəməyə çalışır. Xüsusilə, sərhədləri keçmək məsələsində. "Onlar adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətini təmin edirlər. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər", - deyə o qeyd edib. Ermənistanın Baş nazirinin sözlərinə görə, hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə və Azərbaycanla istifadə etmək niyyətindədir: onlardan hava limanlarında da istifadə olunacaq.

Paşinyan təxminən etiraf etdi ki, Zəngəzur dəhlizindən Naxçıvana gedən azərbaycanlılar əllə yoxlanılmayacaq, yoxlama prosesi texniki cihazalarından istifadə edilməklə aparılacaq.

“Bu, Ermənistanın baş nazirinin bilavasitə Azərbaycanın...”

Sosial-iqtisadi sahə üzrə mütəxəssis İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan Azərbaycanla tam bərabərhüquqlu, beynəlxalq hüquq prinsipləri çərçivəsində, eyni zamanda dünyada tətbiq olunan hüquqi mexanizmlər üzərindən münasibətlərin formalaşmasında maraqlıdır. “Bu özünü həm də gələcəkdə sərhəd-keçid məntəqələrindəki tərəflərin təyin etdikləri struklturların fəaliyyətində göstərəcək. Söhbət sərhəd xidmətinin fəaliyyətindən gedir. Paşinyan bilavasitə bəyan edir ki, Azərbaycanla tam sülh münasibəti qurulduqdan və Zəngəzur dəhlizi (Tramp yolu) açıldıqdan sonra hazırda dünya təcrübəsində sərhəd keçid məntəqələrində tətbiq olunan mexanizmlər burda da tətbiq olunacaq. O cümlədən keçmişdə mövcud olan əllə yoxlamadan imtina olunacaq. Hazırda hava yolları nəqliyyat sistemində, eləcə də quru yolların sərhəd-keçid məntəqələrində insanlar xüsusi texniki cihazlardan keçir. Həmin cihazlar həm çantalarda, həm də şəxslərin üzərində olan bütün əşyaları göstərir. Onların üzərində təhlükəli maddələr, silah, narkotik və sair varsa hamısı bu cihazlar vasitəsilə aşkarlanır. Bununla da bağlı dövlət öz tədbirlərini görür”.

İ.Hüseynlinin sözlərinə görə, həmin müasir standatlara cavab verən avadanlıqlar, texniki cihazlar bilavasitə Azərbaycanla Ermənistan arasında qurulan sərhəd-keçid məntəqlərində də tətbiq olunacaq. “Orda köhnə metodlardan istifadə olunmayacaq. Əslində bu normal, suveren yanaşmanın təzahürləridir. Ermənistanın necə ki, İranla, Gürcüstanla, Türkiyə və digər qonşu ölkələrlə sərhəd-keçid məntəqələrində tətbiq olunan mexanizmləri var, eyni mexanizmlər Azərbaycanla sərhəddə də tətbiq olunacaq. Əslində bu, Ermənistanın Baş nazirinin bilavasitə Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin suverenliyini tanıdığına xidmət edən bir ifadədir”-deyə İ.Hüseynli vurğuladı.

İradə SARIYEVA

Chosen
18
baki-xeber.com

1Sources