EN

Türkiyə həmişə Azərbaycanın “enerji yürüşü”nün yanındadır

Bu əməkdaşlıq qlobal təhlükəsizlikdən “yaşıl” keçidə yön alıb

XXI əsrin enerji gündəliyi həm regional, həm də qlobal miqyasda dərin dəyişikliklərlə müşayiət olunur. Enerji resurslarının davamlılığı, onların şaxələndirilməsi, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə məsələləri artıq milli sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın mühüm istiqamətinə çevrilib. Bu mənada Azərbaycan və Türkiyənin enerji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və qlobal təhlükəsizliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.

Azərbaycan – Türkiyə enerji əməkdaşlığının tarixi 1990-cı illərin sonlarında formalaşmağa başladı. 2006-cı ildə istismara verilən Bakı – Tbilisi – Ceyhan (BTC) neft kəməri (illik ötürmə gücü 50 milyon ton) iki qardaş ölkənin enerji sahəsində ortaq strateji maraqlarını təməlini qoydu. Dünya Bankının hesablamalarına görə, BTC-nin reallaşması region ölkələrinə on milyardlarla dollar əlavə gəlir qazandırdı və Xəzərin karbohidrogenlərini ilk dəfə Rusiya və İran marşrutlarından kənar dünya bazarına çıxardı.

Daha sonra 2007-ci ildə Bakı – Tbilisi – Ərzurum (BTƏ) qaz kəməri istifadəyə verildi. İllik ötürmə gücü 20 milyard kubmetrə çatan bu kəmər Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazı Türkiyə bazarına daşımaqla yanaşı, Avropaya çıxışın ilk pilləsini təşkil etdi. Ən mühüm mərhələ isə Cənub Qaz Dəhlizinin (CQD) fəaliyyəti ilə başladı.

2020-ci ilin sonunda tamamlanan CQD 3 min 500 kilometr uzunluğunda marşrut şəbəkəsini əhatə edir. Layihənin əsas seqmenti olan TANAP (Trans – Anadolu Qaz Boru Kəməri) Türkiyədən keçərək Avropa ilə birləşir. TANAP-ın ötürmə gücü hazırda 16 milyard kubmetr təşkil edir, gələcəkdə bu həcmin 32 milyard kubmetrə qədər artacağı gözlənilir.

Enerji əməkdaşlığı artıq ikitərəfli çərçivəni aşaraq çoxtərəfli əməkdaşlıq formatına çevrilib. Avropa İttifaqı (Aİ) CQD-ni “strateji prioritet layihə” elan edib. 2022-ci ilin iyulunda Brüsseldə imzalanan Azərbaycan – Aİ enerji memorandumuna əsasən, respublikamız 2027-ci ilə qədər Avropaya qaz ixracını illik 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb.

Azərbaycanın neft – qaz ixracında qardaş ölkə etibarlı tranzit dövlət rolunu oynayır. “Anadolu” marşrutu isə təkcə Azərbaycanın deyil, gələcəkdə Mərkəzi Asiya resurslarının da Avropaya daşınmasına şərait yarada bilər. Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana, ordan isə TANAP vasitəsilə Türkiyə və Avropaya ötürülməsi perspektivləri də gündəmdədir.

Beləliklə, Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji layihələri beynəlxalq təhlükəsizliyə ciddi töhfələr verir. Belə ki, BTC ilə Xəzər nefti Rusiyadan kənar yollarla bazara çıxarılır, bu isə geosiyasi riskləri azaldır. Türkiyə üzərindən keçən TANAP və digər layihələr isə qlobal bazarda təchizatın fasiləsizliyini gerçəkləşdirir.

İki ölkə arasında iqlim dəyişikliyi və enerji keçidi kimi prioritetlər də mühüm önəm daşıyır. Burada bir məqama diqqət yetirməklə vurğulanan fikrin əhəmiyyəti aydın nəzərə çarpır. Belə ki, BMT-nin iqlim hesabatlarına görə, qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər dünya üzrə karbon emissiyaları 43 faiz azaldılmalıdır. Bu baxımdan Azərbaycan və Türkiyənin enerji gündəliyini dəyişməsi də təsadüfi xarakter daşımır.

Xatırladaq ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpa olunan mənbələrdən istehsal etməyi hədəfləyir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması və adları çəkilən iqtisadi rayonlarda BP və Masdar kimi şirkətlərin günəş və külək enerji layihələrini həyata keçirmələri də qarşıya qoyulan məqsədin uğurla gerçəkləşəcəyindən xəbər verir. Türkiyədə isə bərpa olunan enerji gücü artıq 60 GW-da çatır. Bu göstərici ilə qardaş ölkə Avropada ilk beşlikdə qərarlaşır.

Bu gün Azərbaycan və Türkiyə arasında diqqətdə saxlanılan prioritetlərdən biri “yaşıl enerji dəhlizləri” konsepsiyasıdır. Xəzər və Qara dəniz vasitəsilə “yaşıl” elektrik enerjisinin Avropaya ötürülməsi bu əməkdaşlığın gələcək hədəflərindən biridir. Ümumiyyətlə, “yaşıl keçid” iki qardaş ölkə arasında həm iqtisadi, həm də siyasi imkanlar açır. Bu, ilk növbədə, investisiya cəlbi prosesində özünü aydın büruzə verir. Bərpa olunan enerji layihələrinə milyardlarla dollarlıq (təkcə 2023-cü ildə Azərbaycan bu sahədə 2 milyard dollara yaxın müqavilə imzalayıb) xarici sərmayə yatırılması da məhz elə bunun bariz ifadəsidir.

Türkiyə və Azərbaycan qarşılıqlı əməkdaşlıqda texnologiya transferinə də üstünlük verir. Belə ki, hər iki ölkə bərpa olunan enerji texnologiyalarının birgə istehsalı və tətbiqi ilə yeni sənaye sahələri formalaşdırır və bununla qlobal enerji keçidində məsuliyyətli tərəfdaş rolunu oynayaraq beynəlxalq mövqelərini möhkəmləndirir. Eyni zamanda, Azərbaycan və Türkiyə qlobal enerji bazarında sadəcə istehsalçı və tranzit ölkə deyil, həm də məsuliyyətli tərəfdaşdır. Onların enerji siyasətinin beynəlxalq öhdəliklərə sadiqlik və sabitliyə dəstək prinsipləri üzərində qurulması etibarlı əməkdaşlığın parlaq ifadəsidir. Bir sözlə, Azərbaycan və Türkiyənin uğurlu enerji əməkdaşlığı uzun bir dövrü əhatə edən təcrübəsi qlobal enerji gündəliyində özünəməxsus yer tutur. BTC-dən TANAP-a, CQD-dən “yaşıl” enerji dəhlizlərinə qədər uzanan bu yol iki ölkənin strateji tərəfdaşlıqda sarsılmaz gücünü göstərir.

Bugünkü çağırışlar – enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və “yaşıl” keçid kimi önəmli prioritetlər Azərbaycan və Türkiyənin yeni əməkdaşlıq modelləri qurmasına təkan verir. İkitərəfli əməkdaşlıq çoxtərəfli formata çevrilir, regional təşəbbüslər qlobal enerji təhlükəsizliyinə xidmət edir. Beləliklə, iki qardaş ölkə yalnız enerji tərəfdaşları deyil, həm də beynəlxalq sabitliyin, məsuliyyətin və inkişafın simvolu kimi çıxış edir. Onların qlobal enerji sistemində oynadıqları rol isə qarşıdakı onilliklərdə daha da artacaq və dünya enerji gündəliyinin formalaşmasında mühüm yer tutacaq.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İzmirdə keçirilən IV Türkiyə ¬– Azərbaycan Enerji Forumunda bildirib ki, ölkələrimiz arasında həyata keçirilən və perspektivdə reallaşdırılacaq layihələr qardaşlığı daha da möhkəmləndirən yeni fürsətlər yaradır, dostluğu bir daha təsdiqləyir. Müxtəlif sahələrdə gerçəkləşdirilən əməkdaşlıqlar, məsələn, neft, təbii qaz, bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik bazarı tənzimləmələri, elektrik ötürülməsi və paylanması kimi fəaliyyətlər əlaqələrin inkişafını sürətləndirir. A.Bayraktarın sözlərinə görə, iki ölkə arasındakı qardaşlıq bağı mədəni və siyasi sahələrlə yanaşı, iqtisadi və strateji istiqamətlərdə də getdikcə dərinləşir, sarsılmadan davam edir.

“Bir millət, iki dövlət” anlayışı, xüsusilə, enerji sektorunda həyata keçirilən böyük layihələrlə konkret şəkildə öz əksini tapır. Enerji təşəbbüsləri ölkələrimizin inkişafının və rifahının ən əsas təkanverici qüvvələrindən biridir. Türkiyə və Azərbaycan bu gün malik olduqları geostrateji mövqe, zəngin resurslar və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan layihələr gerçəkləşdirir, eyni zamanda, regional və qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verir. Neft və təbii qaz sahələrində indiyə qədər həyata keçirilən layihələr ortaq baxışın düzgün və nəticəyönümlü olduğunu göstərir. Bundan başqa, Azəri – Çıraq – Günəşli və “Şahdəniz” yataqları ilə təməli qoyulan əməkdaşlıq bu il imzalanan “Şəfəq – Asiman” layihəsi ilə yeni mərhələyə keçir. “Qarabağ”, “D-230” və “Dostluq” yataqlarında əməkdaşlığı gücləndirmək də əsas hədəflər arasındadır.

Ötən il mayın 14-də imzalanan “Təbii qaz sahəsinə dair Əməkdaşlıq Sazişi” də bu çərçivədə xüsusi önəm daşıyır. Bu sazişin icrası artıq ölkələrimizin enerji təhlükəsizliyini gücləndirir və regional əməkdaşlığı daha da möhkəmləndirir. Bununla yanaşı, Azərbaycanın Türkiyəyə təbii qaz ixracının artırılması istiqamətində işlərin sürətlə aparılması da diqqət mərkəzində saxlanılır. Digər tərəfdən prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə bu il martın 5-də açılışı gerçəkləşdirilən İğdır – Naxçıvan Təbii Qaz Boru Kəməri Azərbaycanın ayrılmaz bir parçası olan muxtar respublikanın təchizat təhlükəsizliyini təmin etməklə yanaşı, iki qardaş ölkə arasındakı bağları daha da gücləndirir. Cari il avqustun 2-də isə istifadəyə verilən Türkiyə – Suriya Təbii Qaz Boru Kəməri də yalnız enerji axınını deyil, bölgəmizdə sülh və rifahı dəstəkləyən strateji addımdır. Bu, Türkiyə və Azərbaycanın güclü infrastruktur və köklü əlaqələrlə həm regional enerji təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olduqlarını bir daha təsdiqləyir.

Qeyd edək ki, iki ölkə arasında enerji gündəmi təkcə neft və təbii qazla məhdudlaşmır. Türkiyə ilə Naxçıvan bölgəsini bir – birinə bağlayacaq elektrik xətti layihəsi də bu gün diqqətdə saxlanılır. Layihənin tamamlanması ilə muxtar respublikanın təchizat təhlükəsizliyinin təmin olunacağı və ölkələrimiz arasında elektrik ticarətinin yeni mərhələyə yüksələcəyi gözlənilir. Bundan əlavə, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” layihəsi də əməkdaşlığın parlaq göstəricisi kimi yüksək dəyərləndirilir.

Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, indiyədək Azərbaycandan qardaş ölkəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb.

Türk şirkətləri Kəlbəcər və Laçında ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik, eyni zamanda, Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyaları layihələrini də həyata keçirib. Karbohidrogenlərdən mədənçiliyə, bərpaolunan enerjidən enerji tənzimlənməsinə qədər geniş sahələri əhatə edən bu əməkdaşlıq iki qardaş ölkənin uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirib.

Onu da xatırladaq ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də “yaşıl” enerjinin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını strateji marşrut olaraq gerçəkləşdirəcək. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə enerji, kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək.

Yuxarıda sadalanan faktlar Türkiyə və Azərbaycanın uzun illərdir ki, təkcə enerji sahəsində tərəfdaş deyil, eyni zamanda, regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlər olduğunu göstərir. “Bir millət, iki dövlət” prinsipi ilə dövlət başçılarının qarşılıqlı inam və güvənlə həyata keçirdiyi siyasət isə Azərbaycan – Türkiyə münasibətlərini tarixdə misli görünməmiş səviyyəyə yüksəldərək bütün enerji layihələrinin hərəkətverici qüvvəsinə çevirir.

Vaqif BAYRAMOV
XQ

Chosen
35
1
xalqqazeti.az

2Sources