EN

Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?

İsrailin Baş naziri Benyamin Netanyahu bu fikrini heç vaxt dilə gətirməmişdi, indi isə açıq-aşkar bildirir ki, o, Fələstin dövlətinin yaranmasına icazə verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin dövlətinin olmayacağı ilə bağlı sözlərini şərh edərkən deyib.

“Netanyahu bundan öncə də Qəzza zolağındaki bütün əhalinin köçürülməli olduğunu bildirmişdi. Onlar Qəzzada 2,5 milyon insan əvəzinə 200 min nəfər saxlamağı planlaşdırır və həmin əraziyə İsrail ordusunu yerləşdirmək istəyirlər. Həmçinin Netanyahu çıxışı zamanı qeyd etmişdi ki, İordan çayının qərb sahilini ilhaq etməyi hədəfləyir. Ancaq bəzi ölkələr açıq şəkildə bildirdilər ki, belə bir addım atacağı halda onlar Fələstinin müstəqilliyini tanıyacaqlar.

Bundan əlavə, Böyük Britaniya, Kanada və s. kimi ölkələr də Fələstini tanıya biləcəklərini və İsrailin bəzi şəxslərinə qarşı sanksiya qoya biləcəklərini bildiriblər. Xatırladım ki, İsrailin Nazirlər Kabinetinin ultrasağ üzvlərinə qarşı beş Qərb ölkəsi sanksiya tətbiq etmişdi.

Ancaq son hadisələr onu göstərdi ki, Netanyahu heç də bu fikrindən geri dönən deyil. Sadəcə İordan çayının qərb sahili planını hələlik dayandırıb. Qətərə olan hücum da Netanyahunun ərəb ölkələrinin fikirlərini çox da ciddiyə almadığını bir daha sübut etdi. Burada artıq çox çıxılmaz vəziyyət yaranıb. Çünki Netanyahu Fələstin dövlətinin yaranmasını istəmir. Ancaq Fələstində 7 milyona yaxın insan var və onların aqibəti sual altındadır. Onları Qəzzadakı kimi sürgün edib saylarını azalda, ya da soyqırıma məruz qoya bilərlər.

Fikrimcə, Netanyahunun özünün də ilhaqla bağlı fikirləri var, ancaq bunu hansı formada edəcəyi ilə bağlı yekun qərarı yoxdur. Həmçinin bu plan dünya ictimaiyyəti tərəfindən ciddi şəkildə qınanılacaq.

Bütün Avropa ölkələri və ABŞ bu məsələyə görə İsraili qınayır. Ona görə də Netanyahu bunları nəzərə alaraq hazırda oyun oynayır və bunun nəticəsinin necə olacağı isə hələki bəlli deyil”, - deyə Rzayev bildirib.

Chosen
44
3
axar.az

4Sources