EN

Sülhə bir addım: “Əgər Paşinyan seçkilərdə qalib gələrsə...”

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması gündəmdədir".

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, artıq sülh müqaviləsinin mətni paraflanıb və sadəcə onu imzalamaq qalıb:

"Türkiyə tərəfindən də arzu olunur ki, bu sülh müqaviləsi imzalansın. Eyni zamanda, rəsmi Ankara bu istiqamətdə çalışır, həm Ermənistanla təmaslarda, həm də Azərbaycanla eyni mövqedən çıxış edir. Azərbaycan da istəyir ki, sülh müqaviləsi mümkün qədər tez imzalansın. Amma Ermənistanın vəziyyəti də nəzərə alınmalıdır. Orada qarşıdan parlament seçkiləri gəlir.

Böyük ehtimalla, bu sənəd seçkilərdən sonra imzalanacaq. Çünki mətn paraflandı, lakin Ermənistan cəmiyyətində o qədər də birmənalı qarşılanmadı. Nikol Paşinyana əks olan siyasi qüvvələr bunu erməni maraqlarına xəyanət kimi dəyərləndirirlər və o istiqamətdə təbliğat aparırlar".

Lakin ekspert qeyd edib ki, erməni müxalifəti ictimai rəyə o qədər də ciddi təsir edə bilmir:

"Müəyyən qədər təsir var. Məsələn, Paşinyanın əsas rəqibi kimi Karapetyan görülür. O da həbsdədir, amma seçki öncəsi barəsində məhkəmə qərarı çıxarıla bilər ki, seçkilərdə iştirak imkanları olmasın.

Yenə də Karapetyanın reytinqi Paşinyanın reytinqinə yaxınlaşır. Bu da onu göstərir ki, Ermənistanda müəyyən proseslər gedir. Əgər sülh müqaviləsi imzalansa, bu proseslər sürətlənə bilər".

Onun sözlərinə görə, Kremlin köməyi ilə Ermənistanda anti-Paşinyan əhval-ruhiyyəsinin güclənmə ehtimalı var:

"Rusiya bu müqavilənin imzalanmasını istəməyən əsas qüvvədir. Çünki bu baş versə, Rusiyanın regionda təsir imkanları minimuma enəcək. Ona görə də Moskvanın dəstəyi ilə Ermənistan daxilində Paşinyana qarşı PR (Public Relations, təbliğat və ya “İctimaiyyətlə əlaqələr”) kampaniyaları başlaya, bu da onun reytinqinə müvəqqəti zərər verə bilər. Bunun onun seçilmə ehtimallarına zərər vermə ehtimalı var. Ona görə də Paşinyanın riskə getməsi real görünmür".

Siyasətçi hesab edir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi 2026-cı ildə imzalanacaq:

"Çox böyük ehtimalla, sülh müqaviləsi Ermənistandakı parlament seçkilərindən sonra imzalanacaq. Seçkilərin nə vaxt olacağı hələ bəlli deyil.
Ola bilər gələn ilin əvvəlinə təyin edilsin. Yəni ilin birinci yarısı ərzində seçkilər keçirilə və yay ərəfəsində sülh müqaviləsi imzalana bilər.

Amma seçkilərin çox tez keçirilməsi də real görünmür. Hərçənd ki, Paşinyan gözlənilməzlik faktorunu istifadə edərək bunu fevral-mart aylarına da sala bilər. Bu onların ixtiyarındadır. Ehtimal odur ki, sülh müqaviləsi seçkilərdən sonra imzalanacaq".

Akif Nağı onu da əlavə edib ki, əgər Paşinyan seçkilərdə qalib gələrsə, müqaviləni imzalamağa da bir müddət müqavimət göstərə bilər:

"Lakin müqaviləni imzalamamaq kimi bir şansı olmayacaq. Çünki artıq müqavilə paraflanıb, ABŞ Prezidenti də buna şahid qismindədir, Qərbdən də dəstək gözlənilir. Paşinyan müqavimət göstərmək istəsə də, artıq imkanı qalmayacaq. Ona görə də sülh müqaviləsinin 2026-cı ildə Ermənistandakı parlament seçkilərindən sonra imzalanması gözlənilir.

Üstəlik, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi hələ də yerinə yetirilməyib. Bunu da seçkilərə qədər edəcəkləri inandırıcı görünmür. Ona görə də istənilən halda sülh müqaviləsi seçkilərdən sonra imzalanacaq".

Chosen
24
2
turkustan.az

3Sources