BAKI, 13 sentyabr. TELEQRAF
“Qarabağ”ın qapıçısı Amin Ramazanov 6 aylıq icarə əsasında I Liqa təmsilçisi “Zaqatala”ya transfer olundu. 22 yaşlı “əlcək sahibi” Teleqraf-a müsahibəsində həm transferi, həm də karyerası barədə açıqlamalar verib:
– “Zaqatala”ya icarə əsasında transferiniz necə reallaşdı?
– Təklif gəldi, bir az düşündüm və razılaşdım.
– Birinci Liqada oynamaq sizin üçün çətin olmayacaq?
– Təbii ki, çətinlər qaçılmazdır. Amma mənim üçün ən vacibi meydanda olmaq və təcrübə toplamaqdır.
– Yeni klubunuzda artıq ilk oyuna çıxmısınız. “Cəbrayıl”a qarşı 1:0 hesablı qələbə qazandlğınız matç barədə təəssüratlarınız necədir?
– Oyundan təəssüratım müsbətdir. Maraqlı qarşılaşma keçdi. Şükür, komandam qələbə qazandı. Komandada adaptasiyama kömək edən təcrübəli futbolçular var, buna görə narahat deyiləm. Mənim üçün vacib olan meydanda olmaq, daha çox oynamaqdır. Hər oyunla birlikdə inam da geri qayıdacaq.
– Ötən il “Qarabağ”da ciddi zədə alaraq demək olar, mövsümü buraxdınız. Bu, psixoloji durumunuza necə təsir etdi?
– Zədə məni bir az relsdən çıxardı, amma yaxınlarımın dəstəyi ilə vəziyyəti tezliklə psixoloji olaraq qəbul etdim. Ümumilikdə, bu zədə məni həm fiziki, həm də psixoloji baxımdan gücləndirdi. Bədənimə daha peşəkar yanaşmağa başladım.
– Hazırda “Qarabağ” azarkeşlərinin çoxu Koxalskini ən yaxşı qapıçı hesab edirlər. Komandaya geri qayıtdığınız zaman onunla rəqabət aparmaq çətin olmayacaq?
– O, son dövrdə yaxşı çıxış edir. Koxalskiyə eyni tempdə davam etməyi arzulayıram. Zaman göstərəcək… Mən də rəqabət aparacağam. Rəqabət idmançını yalnız daha da güclü edir.
– “Qarabağ”da rəqabətdə uduzmağınızın səbəbini açıqlaya bilərsiniz?
– Bu suala cavab vermək istəmirəm.
– Şahruddin sizin yaxın dostunuzdur. O, karyeranızda hansı rolu oynayıb?
– Şahruddin mənim üçün çox böyük rol oynayır. Mənə həm futbolda, həm də həyatda dəstək olur. Ondan maneələri aşmağı və məşqlərdə hər zaman maksimum gücümü ortaya qoymağı öyrəndim. “Qarabağ”da olan bütün qapıçılarla yaxşı münasibətlərim olub, hər biri mənə faydalı məsləhətlər verib.
– 22 yaşınızda “Qarabağ”la bir çox uğurlar qazanmısınız. Bu klub karyeranızda hansı yeri tutur?
– Bu klub mənim karyeramda çox önəmli rol oynayır. Məni peşəkar futbolçuya çevirdi. Mən “Qarabağ”a çox gənc gəlmişdim, onlar məni kişi elədilər.
– Buna qədər başqa Azərbaycan klublarından və ya xaricdən təkliflər almısınız?
– Bu suaıa cavab vermək istəmirəm.
– Yaxın illər üçün əsas məqsədləriniz nələrdir?
– Mənim məqsədim futbol oynamaq və özümün ən yaxşı versiyasına çevrilməkdir.
– Sonda azarkeşlərə nə demək istərdiniz?
– Azarkeşlərə dəstək sözlərinə görə ayrıca təşəkkür edirəm.