EN

“Ədalət” cəmiyyətin ədalət güzgüsü Esmira İsmayılova yazır

ain.az bildirir, Adelet.az portalına istinadən.

Azərbaycan cəmiyyətində və media cameəsində öz yeri, dəst-xətti olan “Ədalət” qəzetinin 35 illik yubileyi mətbuat tariximiz üçün  böyük rəqəm olmasa da, bu tarixin şərəflə, vicdanla yazılmış şanlı səhifələrindən biri kimi qiymətlidir. 1990-cı ildə, keçmiş Sovetlər İttifaqının can verən ərəfəsində, “itin də sahibini tanımadığı” bir vaxtda qəzet buraxmaq ideyası  Aqil Abbasın beyninə hardan girmişdi, o vurhavurda nəyinə lazım idi? Bilmirəm, bəlkə düzünü  heç Aqil Abbasın özü heç indi də bilmir. Amma həmin  vaxtda-cəmiyyətin ideoloji cəhətdən  qərarsızlıq yaşadığı bir dönəmdə Aqil Abbas nəyin bahasına olursa-olsun, qəzet buraxmaq istəyirdi, özü də fərqli- hüquqi mövzuda, istiqamətdə. Qarşıda duran çətinlikləri gözünə almışdı, almamışdı, bilmirəm,  amma qərarı qəti idi, ümidinin əlindən tutub bu istəyinin dalınca gedəcəkdi. Getdi də. 1990-cı ilin 26 iyulunda nəhayət ki, arzusunu reallaşdıra bildi. Həm də elə bir vaxtda ki, heç kim heç kimin nəinki qəzetini, heç kitabını oxumaq istəmirdi, nəşr olunan qəzetlər maliyyə çatışmazlığı ucbatından ya fəaliyyətlərini dayandırır, ya da ayda, ildə bir, iki dəfə çıxmaqla işini bitmiş hesab edirdi. Cəmyyət “qarnının” hayında idi, qəzetin yox. Mağazalar boş idi, bazarlardakı qiymətlər “əl yandırırırdı”. Bütün sahələrdə-iqtisadi, mədəni, sosial sferalarda xaos hökm sürürdü və bu, mətbuatdan da yan keçməmişdi.

Xatırladaq ki,  “Ədalət” nəşrə başladığı vaxtda  Sovetlər İttifaqının, onun tabeliyindəki respublikaların gələcəyi, taleyi sual altında idi. Elə yeni nəşrə başlayan qəzetin də. Böyük iqtisadi çətinliklərə,  çoxsaylı təzyiqlərə davam gətirə biləcəkdimi? Bunu zaman göstərəcəkdi və nə yaxşı ki, bu nağılın sonu “3 alma” ilə bitdi. Aqil Abbasın və onu dəstəkləyən yaradıcı kollektivin  “Ədalət”arzusu həyata keçdi, yaşam hüququ qazandı.  Bu gün bütün “Ədalət”çilər qəzetin 35 illik yubileyini bayram kimi qeyd edir, bu qədər müddət ərzində həqiqətin ədalət tərəzisini əymədikləri ilə fəxr edirlər. Onların sevincindən  çoxsaylı oxuculara, qəzetdə çap olunan müəlliflərə-mənə də pay düşür.

Qeyd edək ki, “Ədalət” 1990-cı ildə fərqli rakursdan- Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi fəaliyyətə başlamışdı və ilk adı da  “Hüquq” idi. Sonralar Aqil Abbasın qəzetin adını dəyişərək “Ədalət” adlandırması onun cəmiyyətdən istəyi və qəzetin oxuculara ötürdüyü mesajla bağlı idi-Ədalət tərəzisinin pərsəngini heç vaxt əyməyin! Subyektiv fikrimdir, bu ad dəyişikliyi qəzetə oxucu marağının yönləndirilməsində əhəmiyyətli addım oldu və özünü doğrultdu. Cəmiyyətdəki haqsızlıqları görüb bezənlər ümidlə “Ədalət”ə üz tutdular, ona inandılar, etibar etdilər...edirlər.

Aqil Abbasın və tanınmış hüquqşünas Adil Minbaşının əməyinin, inadkarlığının sayəsində qəzet 35 il ərzində nəşrinə yaradılan obyektiv və subyektiv maneələri aşmaq gücündə oldu, ədalət mövqeyində dayanaraq “Ədalət” üçün  obyektivliyin, düzgünlüyün, şəffaflığın həqiqi meyar olduğunu təstiqlədi. Qəzetin 35 illiyi ilə bağlı təbrik çıxışında Mətbuat şurasının sədri Rəşad Məcidin “Ədalət”in nüfuz qazanmasının başlıca səbəbi qəzetin klassik mətbuatımızın ənənələrini canlandırması ilə paralel surətdə gələcək naminə mübarizə aparması idi. Bu xətt maarifçilik xətti idi və cəmiyyətin mənafeləri ilə dövlətimizin maraqlarının uzlaşdırılmasını rəhbər tuturdu. Bu günün “Ədalət” qəzeti də ənənələrə sadiqlik kursunu qoruyur, müasir dövrlə ayaqlaşaraq fəaliyyət göstərir” sözləri kollektivin əməyinə verilən dəyərdir və bu mətbu orqanın 35 il ərzində adını fəaliyyəti ilə doğrultduğunun göstəricisidir.

Sosial şəbəkələrin dövrü nəşrləri, KİV-i sürətlə üstələməyə çalışdığı, qızğın rəqabətin getdiyi, kim-kimi məsələsinin həll olunduğu  bir vaxtda, süni intellekt əsrində qəzetə nə ehtiyac?-deyənlər ola bilər və sözsüz ki, var. Amma bir həqiqət də var ki,  qəzet hələki cəmiyyətin güzgüsü, baş verənlərin yazılı xronikası olmaq mövqeyini qoruya bilir. Əksəriyyətimiz hadisələrdən dəqiqliyi ilə məlumatlanmaq üçün sosial şəbəkələrdən sonra qəzetlərə üz tuturuq, obyektiv, səhih xəbəri onlardan gözləyirik, onlara etibar edirik. Düzdür, reytinq xatirinə bu meyarları aşanlar da var. Amma oxucu gözü tərəzidir və gec-tez mislə qızılı ayırd edir. “Ədalət” bütün nömrələrində baş yerdə yazdığı “Bu bir xalq qəzetidir” məramına hələki sadiqdir!

“Ədalət”i oxucu üçün maraqlı edən nədir? Mənim nəzərimdə, sanballlı imzalar, yaxşı formalaşdırılmış yaradıcı kollektiv, maraqlı, zamanla səsləşən rubrikalar, araşdırma materiallar, siyasi, iqtisadi, mədəni mövzuda mütəmadi təhlili yazılar və s. Bu işdə qəzetin təssiçisi, millət vəkili, yazıçı-publisist Aqil Abbasın və baş redaktor İradə xanım Tuncayın əməyi xüsusi qeyd olunmalıdır. Gərgin iş rejimində işləməsinə, deputatlıq fəaliyyətinə baxmayaraq Aqil Abbas demək olar ki, qəzetin hər nömrəsində maraqlı mövzularla çıxış edir, bədii əsərlərini də ilk əvvəl burada dərc edir. Elə İradə xanımın günün mövzusu ilə bağlı operativ açılımları, statusları oxunaqlı dillə yazıldığına görə maraqla oxunur. Qəzetin mobil versiyasının 24 saat ərzində daim yenilənməsi oxucu dairəsini artırır. Hər şeydən əvvəl də, qəzet “minnət”ə işləmir, maddi maraq güdmür, jurnalisti kiminsə əlinə baxmır. Bütün bunlar isə obyektivliyi saxlamaq  üçün başlıca şərtdir. 

Bu gün qəzet oxunurmu? Mən oxuyuram, “Ədalət”in həm çap, həm mobil versiyasını hər gün gözdən keçirirəm. Zənnimcə oxu mədəniyyəti ziyalılığın ən vacib şərtlərindən biridir, cəmiyyətin bütün təbəqələrini bir-birinə qovuşduran körpüdür, qəzet-jurnal-kitab xalqımızın söz tarixidir, yaddaşıdır. Bu yaddaşı yaradanlardan olan “Ədalət”in yaradıcı kollektivini ürəkdən təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayıram. Əgər bir nəfər belə sadiq oxucu varsa, deməli, çap olunmağa dəyər, dəyərli həmkarlar!

Esmira İsmayılovaFilologiya üzrə fəlsəfə doktoru.    

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
adalet.az

2Sources