EN

Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı Ailədə başqa gəlir gətirən yoxdur

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zərdabın iki sakini Dəkkəoba kəndi ərazisində yerləşən kanalda balıq ovuna görə cəzalandırılıb. Onlardan biri Zərdabın Təzəkənd kəndində yaşayan 50 yaşlı Teymur, digəri isə Gəlmə kənd sakini olan 44 yaşlı Sahildir.

Bizimyol.info xəbər verir ki, Zərdab sakinləri bu balıq ovu ilə təbiətə 1020 manat zərər vurmaqda ittiham olunur. İttihama əsasən, onların birinin qiyməti 22 manat olan 42 ədəd karp balığı, hərəsinin qiyməti 11 manat olmaqla 7 ədəd durna balığı, və 11 manatlıq 1 ədəd Xanı balığı ovlayıblar. Beləliklə də, ümumilikdə 50 ədəd balıq tutmaqla, Cinayət Məcəlləsinin 256.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsində nəzərdə tutulan cinayət əməlini törədiblər.

Təqsirləndirilən şəxslər günahlarını etiraf edirlər. Onlar bildirirlər ki, bu əməli maddi ehtiyac ucbatından – ailələrini dolandırmaq üçün törədiblər. Teymurun sözlərinə görə, imkanı olmadığına görə hərdən balıq ovlayıb, ailəsini dolandırır. Adətən balıq ovunu elektrikli cərəyanla suya tok vermək yolu ilə edirlər. O, bildirib ki, xüsusən evi yanandan sonra ailəsinin maddi vəziyyəti lap pisləşib. Vəkili də onun dediklərini təsdiqləyərək deyib ki, Teymurun ailəsi aztəminatlı ailədir və 6 nəfərdən ibarətdir. Himayəsində iki azyaşlı uşağı var.

“Ailədə ondan başqa gəlir gətirən yoxdur. Verilən sosial müavinət ilə dolanırlar. İyunun 16-da ailəyə məxsus ev əşyaları ilə birlikdə yanıb. Nəticədə ailənin durumu daha da ağırlaşıb. Onlara müvəqqəti sığınacaq verilib. Kənd sakinlərinin dəstəyi nəticəsində onlar üçün yenidən ev tikintisinə başlanıb. Özü də icazəsiz balıq ovu ilə bağlı əməlinə görə çox peşmandır. Ona verilə bilən ağır cəza həm özü, həm də ailə üzvlərinin həyatında ciddi çətinliklər yarada bilər”, - deyə vəkil bildirib.

Sahil də maddi imkansızlıq üzündən balıq ovuna getdiyini bildirib. O, əlavə edib ki, icazəsiz balıq tutmağın cinayət olduğunu bilməyib. Səhvini başa düşür, əməlindən peşmandır və dəymiş ziyamı tam şəkildə ödədiyini də məhkəmədə ifadəsində qeyd edib.

Hakim təqsirləndirilən şəxslərin peşman olmalarını, onların özləri və ailələrinin durumunu, ziyanın ödənilməsini və s. məqamları nəzərə alaraq, Teymura 2 il şərti cəza, Sahilə isə 6000 manat cərimə cəzası təyin edib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
bizimyol.info

1Sources