EN

Türkiyə Suriyada yeni ordu qurur! Yüzlərlə əsgər təlimlərə cəlb olunub

Suriya Müdafiə Nazirliyindəki mənbənin “əl-Arabi əl-Cədid” qəzetinə verdiyi məlumata görə, yeni Suriya ordusunun və daxili təhlükəsizlik qüvvələrinin yüzlərlə əsgər və zabiti hazırda Türkiyə ərazisində təlim keçir.

Musavat.com xəbər verir ki, təlimlər idarəetmə, təşkilati məsələlər, eləcə də hərbi vasitə və sistemlərin istifadəsinə yönəlib.

Məlumatda qeyd olunur ki, bu proses avqustun əvvəlində Türkiyə və Suriya müdafiə nazirləri arasında imzalanmış təhlükəsizlik sazişi çərçivəsində həyata keçirilir. Mənbənin sözlərinə görə, yaxın aylarda Türkiyənin dəstəyi ilə təlim keçən suriyalı əsgərlərin sayı daha da arta bilər.

Üç həftə əvvəl türk texniki nümayəndə heyətlərinin Suriya ordusunun ehtiyaclarını müəyyənləşdirmək üçün ölkəyə səfər etdiyi də bildirilib. Bunun fonunda Suriya Müdafiə Nazirliyi Quneytra və Süveyda istisna olmaqla, ölkənin bir çox bölgəsində çağırış məntəqələrinin açıldığını elan edib.

Hazırda Suriya ordusunun şəxsi heyətinin sayının təxminən 100 min olduğu, onların böyük hissəsinin isə əvvəlki illərdə Əsəd rejiminə qarşı döyüşən müxalif qrupların üzvləri olduğu qeyd edilir. Mənbə əlavə edib ki, çağırışçıların sayı iki dəfə artaraq 200 min nəfərə qədər yüksələ bilər.

Beləliklə, Türkiyə Suriyada yeni ordunun formalaşmasına və təhlükəsizlik strukturlarının güclənməsinə mühüm dəstək göstərir, bu isə iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir.

Musavat.com

Chosen
44
musavat.com

1Sources