EN

Qırğızıstan Azərbaycana sığorta sahəsində birgə layihələrin hazırlanmasını təklif edib

Azərbaycan ilə sığorta sektorunda təcrübə mübadiləsi və texniki əməkdaşlıq Qırğızıstan üçün prioritetdir.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Dövlət Xidmətinın Sığorta Tənzimlənməsi Departamentinin rəhbəri Təhminə Kamçıbekova Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.

"Bu Assambleya çərçivəsində iki ölkənin sığorta qurumları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin hazırlanması üçün yaxşı imkan yaranır", - T. Kamçıbekova qeyd edib.

O bildirib ki, hazırda Qırğızıstanda 18 sığorta və təkrarsığorta şirkəti fəaliyyət göstərir: "Bunlardan biri dövlət təşkilatı, 11-i - 100 % yerli kapitala malik özəl şirkət, 6-sı isə xarici şirkətlərdir".

T. Kamçıbekova xatırladıb ki, 2024-cü il martın 20-də Prezidentin sığorta bazarının inkişafına dair Fərmanı imzalanıb: "Bu Fərmanın icrası çərçivəsində beynəlxalq standartlara uyğun "Sığorta və sığorta fəaliyyəti haqqında" yeni qanun hazırlanaraq 2025-ci il aprelin 30-da qəbul olunub".

O qeyd edib ki, Qırğızıstanda hazırda 6 növ icbari sığorta tətbiq olunur və bazar son illərdə əhəmiyyətli artım göstərib: "Hazırda sığorta haqlarının həcmi 4 milyard soma yaxınlaşır, bu da bazarın dinamik inkişafını göstərir".

T. Kamçıbekova gələcək planlardan danışaraq əsas istiqamətləri açıqlayıb:

"Sığorta xidmətlərinin mərkəzləşdirilməsi üçün avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi, vahid sığorta bazasının funksionallığının genişləndirilməsi, həmçinin yaşayış evlərinin icbari sığortası üzrə sığorta hovuzunun yaradılması nəzərdə tutulub".

O əlavə edib ki, bu layihə Dünya Bankının dəstəyi ilə həyata keçirilir və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılmasına xidmət edir.

"Cebheinfo.az" 

Chosen
28
1
cebheinfo.az

2Sources