EN

Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Boşanan ailələrdə aliment problemi uzun illərdir müzakirə olunur.

Bu səbəbdən də Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürülüb. Bununla aliment məsələsi birbaşa dövlətlə borclunun arasında həll olunacaq.

Bu sistem borclunun məsuliyyət hissəsini artıracaqmı, yoxsa onu arxayın edəcək? Aliment Fondu zorakılıq və aqressiya hallarının qarşısını real olaraq ala bilərmi? Həmçinin, dövlət üçün əlavə maliyyə yükü yaranacaqmı? 

"Cümhuriyət "-ə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, məsələ 10 ildir müzakirə olunur, amma konkret mexanizmlər müəyyənləşdirilmir. Onun sözlərinə görə, məsələnin uzun müddət gündəmdə qalması mexanizmlərin beynəlxalq konvensiyalarla uyğunlaşdırılmasının zəruriliyini göstərir:

“Görünür, mexanizmlər tam şəkildə işlənməyib. Dövlətlə şəxs arasında borclu vəziyyət yarandıqda, həmin şəxsdən pulu almaq üçün ya onun əmək haqqının tam şəkildə tutulması, ya da məcburi işə cəlb olunması gündəmə gəlir. Bu halda da əlavə problemlər ortaya çıxır. Ehtimal olunur ki, belə hallarda məcburi əmək məsələsi gündəmə gələ bilər. Buna görə də hökumət bu mexanizmi çox dəqiq işləməlidir ki, həm istismar faktoruna gətirib çıxarmasın, həm də şəxsin öz övladları qarşısında məsuliyyət hissini formalaşdırsın”.

Mehriban Zeynalova qeyd edib ki, fond ilkin mərhələdə çətin vəziyyətdə olan qadın və uşaqlar üçün yaxşı dəstək mexanizmi ola bilər, amma bu, bütün problemləri həll etməyəcək:

“Aliment Fondu bütün problemləri həll etməz. Bəzi hallarda şəxslər ölkəni tərk edə bilərlər. Alimentin ödənilməməsi əksər hallarda imkansızlıqdan deyil, qarşı tərəfə cəza vermək, iqtisadi asılı vəziyyətdə saxlamaq, itaət etdirmək və ya sui-istifadə ilə bağlı olur. Biz çox vaxt iqtisadi zorakılıqla bağlı kifayət qədər meyarların olmadığını deyirik. Yaxşı olardı ki, bu iqtisadi zorakılığın özünə görə ayrıca cərimələri olsun. Əgər bu davranışın arxasında hədə-qorxu və ya təhdid varsa, bu zaman psixoloji zorakılıq hesab olunur və cəriməsi var. Hökumət müəyyən cərimələr tətbiq edilə bilər”. 

M. Zeynalovanın sözlərinə görə, aliment əslində, şəxsin vicdan məsələsidir:

“Çox vaxt hesab edirlər ki, aliment qadınların şəxsi xərcləri üçündür. Halbuki bu vəsait uşağın ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur və hətta indiki tələblərə baxanda, kifayət etmir. Uşağın normal inkişafına dəstək vermək istəsək, həmin məbləğ yetərli deyil. Aliment öhdəliklərin yerinə yetirilməsi üçün vasitədir. Mexanizm kifayət qədər dəqiq işlənməlidir ki, gələcəkdə dövlət büdcəsinə əlavə israfçılıq yaratmasın”. 

Psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, əslində bu sualın bir cavabı yoxdur, çünki burada insan psixologiyası fərqli şəkildə reaksiya verə bilər:

“Bir qrup valideyn üçün dövlətin işə qarışması məsuliyyəti daha ciddi qəbul etmək anlamına gəlir. Yəni artıq qarşı tərəflə şəxsi mübahisə aparmaq əvəzinə dövlət qarşısında öhdəlik daşıdığını dərk edir. Bu, bəzən borclunun davranışını daha sistemli və nizamlı edə bilər. Amma digər tərəfdən, “Artıq dövlət uşağın təminatını ödəyir, mənim borcum o qədər də vacib deyil” düşüncəsi də formalaşa bilər. Bu halda borclu valideyn məsuliyyətdən qaçmağa, məsələyə arxayın yanaşmağa başlayır. Ona görə maarifləndirmə işləri də aparılmalıdır. Cəmiyyətə açıq mesaj verilməlidir ki, aliment yalnız pul ödəmək deyil, övladına qarşı valideynlik məsuliyyətini yerinə yetirməkdir”. 

Psixoloq bildirib ki, fond müəyyən qədər aqressiyanın qarşısını ala bilər:

“Zorakılıq halları çox zaman tərəflərin bir-biri ilə birbaşa təmasından qaynaqlanır. Alimentin ödənməsi ilə bağlı mübahisə, təhqir, təzyiq, hətta fiziki zorakılığa qədər gedib çıxan hadisələr əsasən bu qarşılıqlı ünsiyyətdə baş verir. Əgər artıq bu məsələ birbaşa dövlətlə borclu arasında həll olunacaqsa, qarşı tərəfə yönələn aqressiyanın azalması gözləniləndir. Amma zorakılığın kökündə yalnız maliyyə problemi dayanmır. Bu, çox vaxt emosional gərginlik, inciklik, boşanmanın yaratdığı psixoloji travmalarla bağlıdır.

Yəni fond aqressiyanı azaldacaq, amma tamamilə aradan qaldırmayacaq. Ona görə də paralel olaraq psixoloji dəstək xidmətləri, zorakılığın qarşısını alan sosial proqramlar da gücləndirilməlidir. Çünki hər dəfə həbs olanda həm ailə, həm övlad, həm də borclunun özü zərər görür. Dövlət fond vasitəsilə uşağın hüququnu qoruyur, sonra isə həmin məbləği borcludan qanuni yollarla geri alır. Bu, həm uşaq üçün davamlı təminat yaradır, həm də məhkəmə və həbs hallarını azaldır”.

Zeynəb Əyyubova vurğulayıb ki, fond borclunu tam məsuliyyətdən azad etmir:

“Bu, sadəcə uşağın maraqlarını qorumaq üçün dövlətin müdaxiləsidir. Əgər borclu valideyn məsuliyyətsizliyini davam etdirirsə, yenə də qanuni prosedurlar işə düşəcək. Cəmiyyətin qəbul etməsi əsasən informasiyanın necə təqdim olunmasından asılıdır. Əgər bu addım valideynlər arasında şəxsi münaqişəni azaltmaq və uşağın rifahını qorumaq kimi izah olunarsa, ictimai rəydə müsbət qarşılanacaq. Əks halda, “borclu valideyni arxayın edən sistem” kimi təqdim olunsa, neqativ münasibət yarana bilər. Unutmayaq ki, aliment övladın haqqıdır. Aliment yalnız maliyyə öhdəliyi deyil, sevgi və məsuliyyətin göstəricisidir. Fond yaradılsa belə, valideyn bilməlidir ki, dövlət onun yerinə övladına ata və ya ana ola bilməz. Uşağın ən böyük ehtiyacı yalnız maddi təminat deyil, həm də emosional dəstək, sevgi və diqqətdir”. 

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, alimentödənilmədikdə uşaq hüquqları pozulur və sosial müdafiəyə mənfi təsir göstərir:

“Ümumiyyətlə, beynəlxalq təcrübədə bu cür fondlar var və əsasən uşaqların hüquqlarının qorunmasına xidmət edir. Çünki bəzi hallarda alimentin ödənilməməsi uşaqların hüquqlarını pozur və onların sosial müdafiəsinə mənfi təsir göstərir. Təəssüf ki, bizdə də müəyyən hallarda tərəflər arasında yaranan nifaq və çətinliklər səbəbindən alimentlər bəzən prinsipial olaraq ödənilmir. Hesab edirəm ki, bu fond belə problemlərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Çünki artıq hər kəs qarşısında dövləti görəcək. Dövlət ödənişi edəcək və daha sonra qarşı tərəfdən inzibati üsullarla həmin vəsaiti alacaq. Beləliklə, hər kəs anlayacaq ki, dövlətə borcludur və bu da onların intizamını artıracaq”. 

İqtisadçı qeyd edib ki, fondun yaradılması müəyyən təzyiq yaratsa da, bu, əhəmiyyətli dərəcədə böyük məbləğ təşkil etmir:

“Sözsüz ki, büdcəyə müəyyən təzyiq göstərə bilər. Amma bu, elə böyük bir təzyiq deyil. Düşünmürəm ki, alimentdən yayınmalar ümumilikdə böyük bir məbləğ təşkil etsin. Bu baxımdan uşaqların sosial müdafiəsi istiqamətində ölkəmizin sosial proqramları və sosial yönümlü xərcləri fonunda həmin məbləğin elə də əhəmiyyətli yük olacağı qənaətində deyiləm”.

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
1
cebheinfo.az

2Sources