EN

Niderland Probasiya xidmətinin nümayəndələri Ədliyyə Nazirliyində olublar

Niderland Krallığının Probasiya xidmətinin rəhbər şəxsləri Azərbaycana səfərləri çərçivəsində Ədliyyə Nazirliyində olublar. Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, xidmətin beynəlxalq bürosunun rəhbəri Yoxum Vildeman və probasiya siyasəti üzrə müşaviri Raymond Svennenhuisin ölkəmizə səfərinin məqsədi son illər Azərbaycanda probasiya sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq, habelə ölkəmizdə probasiya fəaliyyətinin inkişafına dəstək verilməsindən ibarətdir.

Qonaqlar ədliyyə nazirinin müavini Mübariz Əhmədovla görüşüblər. Görüşdə tərəflər arasında ədliyyə, o cümlədən probasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, son dövrlərdə ölkəmizdə probasiya sahəsində həyata keçirilən islahatlar, xidmətin yeni strukturu, cəzaların icrasına nəzarətin artırılması ilə yanaşı, məhkumların sosial adaptasiyası və reabilitasiyası istiqamətində görülən ardıcıl tədbirlər barədə qonaqlara məlumat verilib.

Daha sonra Probasiya xidmətində və Ədliyyə Akademiyasında niderlandlı ekspertlərlə görüşlər keçirilib, Bakı şəhər probasiya idarəsinin, Sumqayıt şəhər probasiya şöbəsinin əməkdaşları və probasiya könüllüləri, xidmətin əməkdaşlıq etdiyi ali təhsil müəsissələrinin nümayəndələri, Akademiyanın rəhbərliyi və təlimçilərinə Niderlandın probasiya təcrübəsi, bu sahədə keçirilən davamlı təlimlər, probasiya nəzarətində olan şəxslərə göstərilən sosial-psixoloji xidmətlər barədə təqdimatlar edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşlərdə probasiya sahəsində gələcək beynəlxalq əməkdaşlıq imkanlarının, bir sıra Avropa ölkələri ilə bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, habelə Nazirliyin Probasiya xidmətinin ötən il Avropa Probasiya Konfederasiyasına (CEP) üzv qəbul edilməsi, ölkəmizdə probasiya sahəsində əldə olunan nailiyyətlər, yeniliklər və innovativ dəyişikliklər, qlobal trendlərə uyğunlaşma, institusional və qanunvericilik tədbirləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Niderlandın 200 illik tarixə malik olan Probasiya xidməti dünyanın nüfuzlu probasiya xidmətlərindən biri olmaqla yanaşı, Avropa və dünya miqyasında probasiya qurumlarının formalaşmasında və inkişafında yaxından iştirak edir.

Chosen
20
7
sia.az

8Sources