EN

“Körfəz ölkələrinin müdafiəsi üçün ABŞ-dan yaxşı alternativ yoxdur”

Yazını böyüt
Yazını kiçilt

Dünya sentyabrın 9-da Qətərin paytaxtı Dohada Həmas danışıqlar qrupunun yerləşdiyi binaya İsrailin hava hücumuna ərəb ölkələrinin necə reaksiya verəcəyini gözləyir.

Hafta.az-ın yazdığına görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari regionda baş verən son hadisələrə görə bu gün Dohada İslam və Ərəb ölkələrinin sammitinin keçiriləcəyini bildirib.

Həmas daha əvvəl rəhbərliyin sağ qaldığı hücumda təşkilatın siyasi bürosunun üzvü Xəlil Hayyenin oğlunun, 4 Həmas üzvünün və bir Qətər polisinin öldüyünü açıqlamışdı. Hücumdan bir gün sonra verdiyi açıqlamada Netanyahu Qətərə yenidən hücum edəcəyi ilə hədələyərək, Həmas liderlərinə işarə edərək, “Ya onları qovun, ya da mühakimə edin. Etməsəniz, biz edəcəyik” deyib.

Amerika mətbuatı bütün bu hadisələrə ərəb dünyasının necə reaksiya verəcəyini təhlil edir.

CNN-in xəbərində deyilir ki, Körfəz ərəb ölkələri reaksiya vermək üçün bir araya gələcəklər, lakin onların fərqli variantları yoxdur.

Küveyt Universitetinin tarix müəllimi Bader əl-Saif, “Əgər tədbir görməsək, növbəti hədəf Körfəz paytaxtları olacaq” deyib.

Qeyd olunub ki, İsrail və ABŞ-ın hədəfində olan İran, iyunda Qətərdəki Amerika bazasına zərbələr endirərək cavab verib.

Bildirilib ki, Təl-Əvivlə ən yaxın əlaqələri olan Körfəz ölkəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) lideri Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan İsrailin hücumundan sonra təcili Dohaya gedib, daha sonra isə İsrailin Əbu-Dabidəki səfirinin müavini David Əhəd Xorsandi Xarici İşlər Nazirliyinə çağırılıb.

Ekspertlər BƏƏ-nin İsraillə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq kimi addımlar ata biləcəyini bildiriblər.

ABŞ-ın vasitəçiliyi ilə 2020-ci il sentyabrın 15-də İsrail, BƏƏ ilə Bəhreyn arasında imzalanan və Təl-Əvivlə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişi”nin gələcəyinin qeyri-müəyyən olduğu da vurğulanıb.

Qətərin beynəlxalq hüquqa əsaslanaraq cavab verəcəyini açıqladığı, BMT Təhlükəsizlik Şurası üzvlərinin cümə axşamı günü hücumu pislədiyi də vurğulanıb.

Şərhçilər onu da bildirirlər ki, çoxsaylı qlobal böhranlarda ABŞ və onun düşmənləri arasında vasitəçi rolunu oynamış Qətər indi bu roldan imtina edə bilər. Bəhreyndə yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq Siyasəti bölməsinin baş elmi işçisi Həsən əl-Həsən Körfəz Ərəb ölkələrinin beynəlxalq məhkəmələrdə İsrailə qarşı addım atmaqda tərəddüddə qaldığını və bu vəziyyətin dəyişə biləcəyini deyib. Onun sözlərinə görə, neft və qazla zəngin ərəb ölkələrinin də suveren fondlarının İsraillə ticarətini məhdudlaşdırmaq imkanı var: “Onlar öz vəsaitləri ilə İsrail iqtisadiyyatının əhəmiyyətli payına sahib olan şirkətləri boykot edə bilərdilər”.

Səudiyyə Ərəbistanındakı Körfəz Araşdırma Mərkəzinin rəhbəri Əbdüləziz Sager 1984-cü ildə qurulan Yarımada Qalxanı Qüvvələrinin ərəb ölkələrini qorumaq üçün gücləndirilə biləcəyini qeyd edib. O bəyan edib ki, hazırda ABŞ silahlarına arxalanan ərəb ölkələri Vaşinqtonun daha güclü təhlükəsizlik təminatları təklif etmədiyi təqdirdə digər ölkələrlə ortaqlığa keçə bilər.

Bader əl-Saif həmçinin xatırladıb ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər Trampın ikinci müddətində bölgəyə səfərindən sonra ABŞ iqtisadiyyatına ümumilikdə 3 trilyon dollar sərmayə qoyacaqlarını vəd ediblər: “Körfəz ölkələrinin qarşıdakı 10 il ərzində ABŞ-a nəql edəcəyi trilyonlarla vəsait bu investisiyalardan faydalana biləcək təhlükəsiz Körfəz regionundan asılıdır. ABŞ-ın müttəfiqi İsrail sayəsində özümüzü təhlükəsiz hiss etməsək, bu pul başqa yerə gedə bilər”.

Əl-Həsən “Vaşinqton Post”a verdiyi açıqlamada, Körfəz ölkələrinin Çin və Rusiyaya etibar etmədiklərini, ABŞ-a isə çox güvəndiklərini ictimaiyyətə xatırladıb: “Körfəz ölkələrinin bu mövqedən əl çəkməsi çətindir. Onların öz müdafiəsi və təhlükəsizliyi üçün yaxşı alternativləri yoxdur”.

Chosen
24
hafta.az

1Sources