EN

“Neftin ucuzlaşması büdcə kəsiri və sosial problemlərə yol aça bilər”

“2015-ci ildən sonra iqtisadiyyatın resurs asılılığının azaldılması istiqamətində qəbul edilən strateji sənədlər, dövlət proqramları və siyasətlər, təəssüf ki, arzu olunan nəticələri verməmişdir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. 

O bildirib ki, hazırda ölkə iqtisadiyyatının bir sıra əsas sahələrində neft sektorunun təsiri hələ də ciddi şəkildə qalır:

“Bu da Azərbaycan iqtisadiyyatının neft qiymətləri ilə bağlı beynəlxalq şoklara qarşı dayanıqlığını zəiflədən əsas amillərdən biridir. Hazırda ölkə iqtisadiyyatında neftin rolu təkcə real sektorda deyil, maliyyə sektorunda da özünü göstərməkdədir. Neft qiymətində dəyişikliklər müxtəlif səviyyələrdə və sahələrdə birbaşa və dolayı təsir doğurur. Azərbaycan üçün neftin optimal qiyməti 70 ABŞ dolları ətrafında hesab edilir. Bu qiymət, inflyasiya riski və idxalın maya dəyərinə təsirlər nəzərə alınmaqla, iqtisadi sabitliyin qorunması baxımından balanslı hesab olunur. Hökumətin 2026–2029-cu illəri əhatə edən orta müddətli büdcə çərçivəsində neftin baza qiyməti 65 dollar səviyyəsində götürülüb. Əgər qiymətlər bu həddən aşağı düşərsə və bu ucuzlaşma uzunmüddətli xarakter alarsa, bir sıra risklər aktuallaşacaq”.

Ekspert diqqətə çatdırıb ki,  ilk növbədə Dövlət Neft Fondunun gəlirlərinin azalmasına, daha sonra isə dövlət büdcəsinin neft sektorundan toplanan vergilər və digər ödənişlər hesabına formalaşan hissəsinin zəifləməsinə səbəb olacaq:

“Bu isə büdcə kəsirinin artması, işğaldan azad edilmiş ərazilərin bərpası üçün maliyyə imkanlarının məhdudlaşması, habelə manatın məzənnəsinin sabitliyinə təhdidlər yarada bilər. Ölkə iqtisadiyyatının lokomotivi hələ də dövlət büdcəsi hesab olunur. Neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması, Dövlət Neft Fondundan büdcəyə edilən transfertlərin azalmasına, nəticədə dövlət xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da iqtisadi artımın zəifləməsi, məşğulluq problemləri və sosial-iqtisadi çətinliklər kimi neqativ hallara yol aça bilər. Bu ssenarini Azərbaycan 2015–2017-ci illərdə yaşamışdır. Hazırkı mərhələdə bu qədər pessimist proqnozlar üçün əsaslar zəifdir. Çünki neft bazarındakı ucuzlaşma hələlik qısa müddətli xarakter daşıyır və struktur baxımından davamlı görünmür. Lakin istənilən halda Azərbaycan hökuməti potensial riskləri vaxtında qiymətləndirməli, sürətli və effektiv tədbirlər həyata keçirməlidir. Bu tədbirlər yalnız kağız üzərində qalmamalı, real nəticəyə yönəlik və icrası təmin edilə bilən şəkildə tərtib edilməlidir. Ən önəmlisi isə, iqtisadiyyatın liberallaşdırılması və mövcud modellərdən imtina edilməsidir. Azərbaycanın gələcəyi daha azad, liberal və çevik iqtisadi modelə keçiddədir. Bu model iqtisadiyyatı neftdən asılılıqdan xilas edəcək yeganə alternativ kimi görünür”.

Leyla Turan 
Demokrat.az
Chosen
18
1
demokrat.az

2Sources