“Əlimizdən gələni etdik və qələbə qazandıq”.

Bunu Offsideplus.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.

Müdafiəçi Misli Premyer Liqasının 4-cü turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirlərini bölüşüb:

“Matça çox yaxşı hazırlaşmışdıq. Həftəboyu “Qəbələ”ni analiz etmişdik. İlk dəqiqələrdən üstümüzə gələcəklərini bilirdik. Ona görə də səbrli olmağa çalışdıq və nəticəsini də gördük. Həmçinin bilirdik ki, ikinci hissədə rəqibə öndə təzyiq eləsək, nəticə qazana biləcəyik”.

Hacıyev “Azərsun Arena”da oynamağın bir qədər çətin olduğunu qeyd edib:

“Meydana çıxırsansa, gərək fərqliliyə fikir verməyəsən. Ancaq ot örtüyü o dərəcədə də yaxşı deyildi. Ötürmələr zamanı çətinliklər olurdu”.

26 yaşlı futbolçu qarşıdakı matçlardan da qələbə gözlədiyini vurğulayıb:

“Növbəti oyun “Sabah”la olacaq. Diqqətli analizdən sonra yaxşı hazırlaşmağa çalışacağıq. Hər oyun qələbə qazanmalıyıq. Çünki çempionatın sonuna doğru indi qazandığımız xallar köməyimiz olacaq”.

Qeyd edək ki, “Sabah” - “Turan Tovuz” qarşılaşması sentyabrın 20-də baş tutacaq.