EN

Geosiyasətin cinayət yolu...

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndinin 58 yaşlı erməni əsilli sakini Karen Avanesyan terror aktı törətməyə cəhd edib. Əslində törədib də.

Dünən Avanesyan Xankəndi yaxınlığındakı meşəyə gedib, gizlətdiyi "Kalaşnikov" avtomat silahını, patron sandlqçalarını, qumbaraları götürüb. Şəhərə qayıdıb, tədbir keçirilən yerə yaxınlaşanda hüquq-mühafizə orqanları onu saxlayıb. Avanesyan polis əməkdaşlarına atəş açıb, qumbara da atlb. Bir polis əməkdaşı yaralanıb.

Bu haqda Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir. O da bildirilir ki, terror şübhəlisi yaralanıb, tutulub.

Əvvəlcə onu deyək: terrora cəhd edən bu şəxsi polisin yaralayaraq ələ keçirməsi yüksək peşəkarlıqdan xəbər verir. Polis həmin şəxsi orda məhv edə bilərdi. Buna əsası da vardı, imjanı da, səlahiyyəti də. Ancaq polis Avanesyanı diri ələ keçirmək istəyib. Hətta güman edirik, bu, təkcə polisin əməliyyatı deyil, DTX əməkdaşları da burada iştirak edib. Düşünürəm, hüquq-mühafizə və təhlükəsizlik orqanları bu şəxsin cinayətkar niyyətləri haqqında əvvəlcədən əməliyyat məlumatı əldə edib, onu izləyiblər, terrorun qarşısını alıblar. Belə olubsa, bu da hüquq-mühafizə və təhlükəsizlik orqanlarının peşəkarlığından xəbər verir. Bundan sonrası istintaqın işidir. Əlbəttə, istintaqın əlavə əməliyyat tapşırıqları da ola bilər. Bu qanunsuz əməlin - terror cəhdinin hansı motivlə, kimin tapşırığı ilə törədiıdiyini aşkara çıxarmaq üçün istintaq və əməliyyat-axtarış orqanları işləyəcək.

Bu, sıradan bir terror cəhdinə oxşamır; həmin gün bölgədə yüksək səviyyəli dövlət tədbirləri vardı. Deməli, terrora cəhdin məqsədi də sıradan olmayıb və əmr də hansısa böyük mərkəzdən gəlib.

Dövlət təhlükəsizliyi üzrə ekspert, uzun illər bu orqanlarda xidmət keçmiş İlham İsmayıl öz sosial şəbəkə hesabında yazıb ki, bu göstəriş Karen Avanesyana Moskvadan verilə bilər. Ekspert yazır:

"Hesab edirəm ki, bu tapşırıq separatçı rejimin qondarma xüsusi xidmət orqanının və ya daşnakların tapşırığından daha çox, Rusiya “sülməramlı kontingenti” tərəfindən verilib və bu əməliyyat daha çox Rusiya hərbiçilərini daim müşayət edən QRU kimi bildiyimiz Rusiya MN Baş Kəşfiyyat İdarəsinin xəttidir. Bunu istintaq aşkara çıxaracaq. Amma, geosiyasi proseslərin indiki situasiyasında bu hadisə Rusiya Xüsusi xidmət orqanlarının üslubuna daha yaxındır. Yatmış agent prinsipi. Səbrlə gözləyir, düymə basılanda fəaliyyətə keçir".

Əlbəttə, bu, bir versiyadır, ancaq, şübhə etmirəm ki, istintaq da terror versiyasını nəzərdən qaçırmayacaq; bu hadisədə xarici kəşfiyyat izini axtaracaq. Xüsusilə, bu əmrin hansı rabitə, hansı informasiya kanalları ilə Avanesyana ötürülməsi də istintaqın araşdıracağı əsas sualdır. Bu şəxsin bütün əlaqələri araşdırılacaq, ola bilsin, onun həmin bölgədə, başqa yerlərdə əlbir olduğu şəxslər var.

Dediyimiz kimi, bu, sıradan bir hadisə deyil. Planlaşdırılan cinayət əməli baş tutsaydı - Xankəndi şəhərindəki tədbirdə terror hadisəsi baş versəydi, bu, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə bu və ya başqa dərəcədə mənfi təsir edəcəkdi. Hər iki cəmiyyətdə keçmişə qovuşmaqda olan düşmənçiliyi müəyyən qədər təzələmiş olacaqdı. Eyni zamanda belə bir terror aktı baş tutsaydı, bölgədə münaqişənin başa çatmadığını iddia edən, hələ də "vasitəçilik missiyası", "təhlükəsuzlik təminatı" adı altında regiona soxulmaq istəyən xarici mərkəzlərin işinə yarayacaqdı. Bu ehtimal diqqəti yenə də daha çox Moskvaya yönəldir. Məhz Kreml Ermınistandakı hakimiyyəti devirmək, İrəvanda öz oyuncaq rejimini qurmaq, Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq, iki ölkə arasında ixtilafı diriltmək, bunun vasitəsilə həm İrəvanı yenidən öz diqtəsinin altına almaq, həm də Bakıya təsir, təzyiq rıçaqları əldə etmək istəyir. Bu məqsədə nail olmaq üçün Moskva, görünür, hətta terrorçuluq metodlarından da istifadə etməyə hazırdır.

Bütün bunlar, əlbəttə, bizim versiyalarımızdır. Avanesyan və onun vasitəsilə terror törətməyə çalışan mərkəzlə bağlı əsl həqiqətləri istintaq ortaya qoyacaq. Buna şübhə yeri yoxdur.

Burada qeyd etmək istədiyimiz iki məqam var: birincisi, baş vermiş hadisə dövlətimizdə sülh prosesi ilə bağlı hər hansı tərəddüdə səbəb olmadığı kimi, cəmiyyətimizdə də qonşu xalqla nə zamansa sülh şəraitində yaşamağa inamı sarsıtmamalıdır. Müharibə aparmaq, ərazilərini işğaldan azad etmək Azərbaycana asan başa gəlmədiyi kimi, sülh prosesində gözlədiyimiz və istədiyimiz nəticənin əldə olunması da asan olmayacaqdı. Bunu əvvəldın də bilirdik və heç təsadüfi deyil ki, Azərbaycan dövlətinin başçısı da öz çıxışlarında bu nüansa dəfələrlə vurğu salır. Prezident İlham Əliyev bu yaxınlarda Kəlbəcərli keçmiş köçkünlərlə görüşündə də Vaçinqtonda imzalanmış sülh bəyannaməsinə, bütövlükdə sülhə olan təhdidlər barədə açıq danışmışdı. Hətta Ermənistanda mümkün hakimiyyət dəyişikliyi ehtimalına, revanşist müharibə təhlükəsinə də toxunmuşdu. Bunlar elə-belə, boş yerdən yaranmayıb; Azərbaycan dövlət sülh perspektivinə Ermənistanın daxilindən və xaricindən yaradıla maneələrdən xəbərdardır və bunu öz vətəndaşları ilə bölüşür. Karen Avanesyanın Xankəndidə Azərbaycan polisinə "Kalaşnikov" silahından açdığı atəş də bir növ xəbərdarlıq atəşidir. Bu, hər an ayıq və hazır olmaq üçün daha bir xəbərdarlıqdır. Burda məsələnin ikinci tərəfinə diqqət çəkmək lazım gəlir: atışmada yaralanmış polis əməkdaşı, eləcə də, ağır nəticələr doğura biləcək cinayətin qarşısını vaxtında, ustalıqla almış, fədakarlıq göstərmiş təhlükəsizlik qüvvələri mənsubları var. Güman edirəm, dövlət bu şəxslərin xidmətini adekvat dəyərləndirəcək. Çünki bu şəxslər öz həyatları ilə risk edərək çox ağır bir cinayətin qarşısını almışlar.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
icma.az

1Sources