EN

Məktəb direktoru seçimində nələr dəyişir? - AÇIQLAMA

Direktorların seçimində müəllimlərin sertifikasiya imtahanında topladığı bal əsas götürüləcək. Bu barədə Ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin media nümayəndələri ilə keçirdiyi brifinqdə məlumar verib.

“Vakant direktor vəzifələri təhsil müəssisələrinin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq. Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, bəzi ekspertlər direktor seçimində sertifikasiya balının əsas götürülməsinin müsbət nəticə verməyəcəyini düşünür, digərləri isə bu qaydanın məktəb idarəçiliyini təkmilləşdirəcəyini deyir.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə Modern.az-a açıqlamasında qeyd edib ki, məktəbin idarəedilməsində direktorun böyük rolu vardır:

“Yaşadığımız əsrin ikinci onilliyinə qədər qabaqcıl müəllimlər məktəb direktoru seçilirdi. Bu məktəbin fəaliyyətinə müsbət təsir göstərirdi. Belə ki, məktəbin idarəedilməsində birinci yerdə metodiki rəhbərlik durur. Qabaqcıl müəllim öz pedaqoji yanaşması ilə müəllimlər arasında böyük nüfuza malik idi. Ona görə də onun idarəçiliyi böyük pedaqoji səmərəsi ilə fərqlənirdi”.

Onun sözlərinə görə, XXI əsrin əvvəllərində idarəetmədə menecerlik qabiliyyəti daha da aktuallaşıb:

“Bu zamanın tələbi idi. Müxtəlif müəssisələrdə rəhbər menecerlik qabiliyyəti əsasında təyin edildi. Bu yanaşma məktəb həyatına da şamil edildi. Menecerlik qabiliyyətinə üstünlük verilməsi o demək deyildi ki, məktəb direktoru yalnız menecerlik qabiliyyətinə görə seçilsin. Təəssüf ki, ölkəmizdə artıq bir müddətdir ki, məktəb direktoru menecerlik qabiliyyəti əsasında seçilir. Biz məktəb direktorunun menecer qabiliyyətinə malik olmasını təqdir edirik. Lakin fikrimizcə, qabaqcıl müəllimlərin arasından menecer qabiliyyətinə malik müəllimlərin direktor seçilməsi daha məqsədəuyğun olardı. Hesab edirəm ki, direktorun bu iki meyar əsasında seçilməsi məktəbin pedaqoji uğurlarının artmasına kömək edərdi”. 

O həmçinin bildirib ki, məktəbin idarəedilməsi özünəməxsus xüsusiyyətə malikdir:

“Burada idarəetmənin ilkin şərti kimi, məktəb direktorunun pedaqoji bilik və bacarıqlarıdır. Daha dəqiq ifadə etsək, məktəb direktorunun idarəetmə strategiyasında birinci yeri onun pedaqoji səriştəsi tutmalıdır. Beləki, məktəb direktoru, ilk növbədə, qabaqcıl müəllim olmalıdır ki, məktəbin pedaqoji kollektivinə rəhbərlik etsin. Pedaqoji səriştəyə malik olmayan müəllim məktəbə rəhbərlik etməkdə çoxlu çətinliklərlə üz-üzə qala bilər. Buna görə də direktorların seçimində sertifikatlaşdırma balının əsas götürülməsi məqsədəuyğun hesab edirəm”.

H.Əlizadə eyni zamanda vurğulayıb ki, sertifikatlaşma dünyanın əksər ölkələrinin təcrübəsində önəmli yer tutur:

“Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi həmçinin müxtəlif təcrübələrin öyrənilməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır. Sertifikatlaşmanın iki mərhələdə aparılması isə bilasitə müəllilərin bilik və bacarıqlarının yoxlanmasına xidmət edir”.

İctimai Şura sədri onu da əlavə edib ki, bütün qabaqcıl müəllimlərdə menecerlik qabiliyyəti yetərincə olmaya bilər:

“Buna görə də sertifikatlaşmadan yüksək bal toplayan müəllimlər arasından menecerlik qabiliyyətinin yoxlanaraq, məktəb direktorunun seçilməsi doğru addımdır. Biz bunu təqdir edirik. Hesab  edirik ki, bu yol yüksək idarəetmə bacarığına malik müəllimlərin məktəb direktoru kimi fəaliyyət göstərməsi üçün yeni üfüqlər açılacaqdır”,- deyə o bildirib.

Chosen
36
1
modern.az

2Sources