EN

Formula 1: Bakıda Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başladı-VİDEO

Formula 1 Azərbaycan Qran Prisi 2025-ə hazırlıqlar plan üzrə davam edir. Bu hazırlıqların mühüm mərhələlərindən biri olan Vahid Uniforma və Akkreditasiya Mərkəzi artıq tam fəaliyyətə başlayıb. Mərkəz rəsmi olaraq 3 sentyabr tarixindən etibarən Milli Gimnastika Arenasında minlərlə əməkdaş, könüllü, marşal, təhlükəsizlik işçisi və podratçı nümayəndələrini qəbul edir.

Burada iştirakçılara yarış günlərində istifadə ediləcək akkreditasiya kartları və xüsusi uniformalar təqdim olunur. Mərkəzin işinin səmərəli təşkili üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞHƏŞ) tərəfindən bütün zəruri şərait yaradılıb. 

BŞHƏŞ-in insan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova açıqlama verdi ki, Uniforma və Akkreditasiya Mərkəzində 140-dən çox könüllü çalışır. O, yarış üçün 31 min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçdiyini bildirdi: “16 mini müsahibəyə çağırılıb və onlardan 2 minə yaxını Bakıdakı yarış üçün seçilib”. 

Könüllülər qeydiyyat, akkreditasiyaların hazırlanması, uniformaların paylanması və məlumatların idarə olunması proseslərinə cavabdehdirlər. Könüllülərin bu dəstəyi sayəsində yarış günlərinə qədər bütün işçi heyəti lazımi təchizatla təmin olunacaq.

Qeyd edək ki, Bakı bu il artıq 9-cu dəfə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. 19–21 sentyabr tarixlərində paytaxtımızın küçələri yenidən mühərriklərin gurultusu ilə canlanacaq və şəhər böyük sürət festivalına çevriləcək. İdmansevərlər artıq böyük həyəcanla sentyabrda Bakını əsl sürət və adrenalinin mərkəzinə çevriləcək möhtəşəm yarışları gözləyirlər. 

Səbuhi MƏMMƏDOV,

Cavid QAÇAYEV(foto)

XQ

Chosen
20
3
xalqqazeti.az

6Sources