EN

Bolqarıstanın xəbər portalı: Azərbaycan diplomatiyası gələcək nəsillərə sabit Cənubi Qafqaz mirası qoyur

Sofiya, 15 sentyabr, AZƏRTAC

Bolqarıstanın aparıcı xəbər portalı “Novinata.bg” AZƏRTAC-a istinadən yazır ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamə regionda sülh və sabitlik üçün yeni perspektivlər açıb.

Portalın məlumatına görə, Belçikada fəaliyyət göstərən “EUReflect” media evinin xarici siyasət üzrə eksperti, “The Europe Today” jurnalının yazarı Məhəmməd Əli Paşa bildirib ki, bu sənəd Azərbaycanın diplomatiya sahəsində qazandığı tarixi uğurun bariz nümunəsidir. Onun sözlərinə görə, Birgə Bəyannamə ilə Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda həlli təmin olunmuş, bununla da münaqişəyə dair uzun illər davam edən qeyri-müəyyənlik aradan qalxmışdır.

“Novinata.bg” vurğulayır ki, bu hadisə Azərbaycanın yalnız regional deyil, həm də beynəlxalq miqyasda sülhə, tərəqqiyə və əməkdaşlığa sadiqliyini nümayiş etdirir. Ekspertin fikrincə, atılan addımlar Azərbaycanın diplomatik gücünü ortaya qoymaqla yanaşı, gələcək nəsillərə daha sabit, təhlükəsiz və rifah içində olan bir Cənubi Qafqaz mirası bəxş edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

 

Chosen
12
1
azertag.az

2Sources