Ötən şənbə “İmişli” – “Sumqayıt” qarşılaşmasında baş verən hadisə tura damğa vurdu.
Nominal meydan sahibləri sumqayıtlıları 1:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, adı iştirak ərizəsində olmayan İbrahim Əliyevin meydana buraxılması planları alt-üst etdi.
Məhz bu əvəzetməyə görə “İmişli”yə texniki məğlubiyyət veriləcək.
Oyun başa çatandan sonra stadionda olan hər kəs xəbərdən duyuq düşmüşdü. Hətta 400 kilometrlik məsafəni qət edərək İmişlidən Qubaya gələn azarkeşlər də.
Sevinc hisləri kədərlə əvəzlənən fanatlara bıçaq vursaydın, qan çıxmazdı. Son dərəcə əsəbi və emosional görünən tərəfdarlar ürək sözlərini demək üçün klub rəsmilərinin axtarışına çıxmışdı.
Nəhayət, bir-iki nəfər onların qarşısına çıxıb, hər bir insanın səhv edə biləcəyini, məsələnin araşdırılacağını deyib, azarkeşlərə bir qədər səbrli olmağı tövsiyə etdilər.
Bundan sonra yorğun və əlacsız fanatlar mövqelərini haqlı şəkildə ortaya qoydu:
“Səhər 10-nun yarısından, yarım sutkadır küçələrdəyik. Belə şey olar? Kimin səhvidirsə, çıxıb hesabat versin. Ya da həmin adamı klubdan uzaqlaşdırın. Bunu düşmən düşmənə etməz.
Çempionat indi başlayıb, bu, nə biabırçılıqdır? Premyer Liqada oynayan klub bu boyda səhv edə bilmə! İdarə edə bilmirsinizsə, üzə çıxıb, insanlara cavab verin”.
Rəsmilərin səbrlə dinlədiyi narazılıq dalğası fanatların öz aralarındakı müzakirələri ilə başa çatdı. Qələbənin əldən çıxması ilə heç bir halda barışa bilmirdilər.
HƏBİB / SPORTİNFO.AZ