EN

Paşinyanın gecikmiş etirafları:Sülh və regional inteqrasiya önündəki əsas maneələr artıq aradan qalxıb

Baş nazirin son parlament çıxışı 30 il davam edən yanlış siyasətin nəticələrini açıq şəkildə üzə çıxardı

Nikol Paşinyanın son günlərdə parlamentdə və ictimai çıxışlarında səsləndirdiyi fikirlər bir tərəfdən onun uzun müddət gizlətməyə çalışdığı həqiqətləri təsdiqləyir, digər tərəfdən isə bölgədə yaranmış yeni reallıqları qəbul etməyə məcbur qaldığını nümayiş etdirir. Bu açıqlamalar təkcə Ermənistanın daxili auditoriyasına deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlar kimi qiymətləndirilməlidir. Çünki Paşinyan artıq sülhün alternativinin olmadığını anlayır, lakin bunu etiraf etməkdə gecikdiyinin fərqindədir.

Sülhü pozmaq istəyən qüvvələr

Sentyabrın 10-da Nikol Paşinyanın yay tətilindən sonra Ermənistan parlamentində ilk çıxışı maraqlı fikirlərlə yadda qaldı. Baş nazirin Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var etirafı əslində onun uzun müddət qorxaraq dilə gətirmədiyi reallığın təsdiqidir. Ermənistan daxilində hələ də revanşist dairələr, keçmiş müharibə oliqarxiyası və silahlı qruplar mövcuddur. Onların əsas məqsədi ölkənin yeni regional inteqrasiya prosesinə qoşulmasının qarşısını almaq, Azərbaycanın yaratdığı sülh gündəliyini pozmaqdır. Bu qüvvələr Paşinyanın siyasətini zəiflətməyə çalışır, hətta onun hakimiyyətini laxlatmaq üçün müxtəlif daxili böhranlar yaradır.

Lakin baş nazirin xaricdə də bu qüvvələrin mövcud olması barədə fikri xüsusilə diqqətəlayiqdir. Burada söhbət Ermənistan diasporunun bir hissəsindən, eləcə də bölgədə öz geosiyasi maraqlarını itirmək istəməyən müəyyən xarici dövlətlərdən gedir. Uzun illər boyu Qarabağ münaqişəsini siyasi alətə çevirən bu qüvvələr Ermənistan cəmiyyətini illüziyalarla bəsləyib. Paşinyanın indi bunu açıq deməsi onun daxili və xarici təzyiqlərə baxmayaraq, reallıqla hesablaşmağa başladığını göstərir. Bu, həm də Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni siyasi mühitin nəticəsidir.

Baş nazirin avqustun 8-də Vaşinqtonda sülh bağlanıb ifadəsi isə Ermənistan rəhbərliyinin artıq açıq şəkildə etiraf etdiyi bir dönüş nöqtəsidir. Bu bəyanat göstərir ki, uzun müddət sülh müqaviləsinin detallarını müzakirə edirik, deyən rəsmi İrəvan əslində kompromisə getmək məcburiyyətində qalıb. Paşinyanın sözləri həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq dairələrə mesajdır: “biz artıq geri dönüşü olmayan addım atmışıq”.

Ən maraqlı məqam odur ki, Paşinyan Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil, deyərkən əslində, Ermənistan daxilindəki və diaspordakı radikal qrupların müqavimətini nəzərdə tutur. Onlar üçün sülh, xüsusilə də Azərbaycanın şərtləri əsasında bağlanacaq sülh, siyasi məğlubiyyət kimi görünür. Lakin Ermənistan rəhbərliyi Vaşinqtonda imzalanan sənədlərlə həm özünün, həm də ölkənin gələcək mövcudluğunu təmin etmək üçün tarixi bir addım atmağa məcbur olub.

“Tramp marşrutu” layihəsi və Ermənistanın yeni reallıqlara uyğunlaşması

Paşinyanın parlamentdə “Tramp marşrutu” layihəsindən (TRIPP, uzunluğu 42 km, Zəngəzur dəhlizinin bir hissəsi, Ermənistan ərazisindən keçəcək)  danışması da onun mövqeyindəki dəyişimin göstəricisidir. Bu layihənin Ermənistan-Amerika gündəminin bir hissəsi kimi təqdim olunması təsadüfi deyil. Ermənistan illərdir ki, regional nəqliyyat layihələrindən kənarda qalaraq iqtisadi cəhətdən təcrid vəziyyətinə düşüb. İndi isə Paşinyan açıq etiraf edir ki, həmin marşrut Azərbaycan infrastrukturuna sinxronlaşdırılacaq.

Bu açıqlama, əslində, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində də yumşalmaların olduğunun göstəricisidir. Paşinyan  Azərbaycanın logistika marşrutunun öz hissəsini bildiyi kimi adlandırmaq hüququna malik olduğunu deməklə, ərazi suverenliyi və adlandırma ilə bağlı indiyədək dirəniş göstərdiyi mövqeyindən geri çəkildiyini nümayiş etdirir. Bu həm də İrəvanın Azərbaycanın yaratdığı regional kommunikasiya şəbəkəsindən kənarda qala bilməyəcəyini anlamasının nəticəsidir.

Minsk qrupu heç nə etmədi…

Ermənistanın avqustun 8-də imzalanan sənədlərdən sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməsi də Paşinyanın ən ciddi etiraflarından biridir. Bu, illərlə Ermənistan siyasətinin dayağı sayılan bir institutun artıq legitimliyini itirdiyinin açıq göstəricisidir. Paşinyan "Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib", deməklə həm öz cəmiyyətinə, həm də beynəlxalq aləmə mühüm mesaj verir: Ermənistan artıq bu kartdan istifadə edə bilmir.

Azərbaycan 2020-ci il müharibəsindən sonra dəfələrlə bəyan etmişdi ki, Minsk qrupu missiyasını tamamlayıb və fəaliyyətini dayandırmalıdır. Dövlət başçımız 2021-ci ildə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı məhz bu fikirləri səsləndirmişdi: “Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər”.

İndi isə Paşinyan özü açıq şəkildə etiraf edir ki, Minsk qrupu sadəcə, regionu nəzarətdə saxlamaq alətinə çevrilib. Bu, həm Azərbaycanın haqlı mövqeyinin təsdiqi, həm də Ermənistanın illərlə yanıldıldığı bir siyasi alətin ifşasıdır.

Ermənistanın daxili siyasi dilemması

Paşinyanın bütün bu etirafları onun daxildə ciddi risklər qarşısında olduğunu göstərir. Ermənistan cəmiyyətində hələ də “məğlubiyyət sindromu” dərin izlər buraxıb. Müxalifət qüvvələri və köhnə hakimiyyət elitaları hər fürsətdə Paşinyanı “torpaq verən” və “sülhü məcburi qəbul edən” lider kimi təqdim etməyə çalışır. Bu baxımdan Paşinyanın hər çıxışı həm daxili auditoriyanı hazırlamaq, həm də öz mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Əslində onun gecikmiş etirafları Ermənistanın 30 ildən çox davam edən yanlış siyasətinin nəticəsidir. Əgər İrəvan vaxtında reallığı qəbul etsəydi, bu qədər itki, dağıntı və siyasi fəlakət yaşanmazdı. Lakin indi Paşinyan artıq seçim qarşısında deyil: sülhü qəbul etmək məcburiyyətindədir.

Azərbaycanın mövqeyinin təsdiqi

Paşinyanın etirafları Azərbaycanın illərdir apardığı siyasətin haqlı olduğunu bir daha göstərir. Azərbaycan müharibədən sonrakı bütün dövrdə sülh müqaviləsinin imzalanmasını, regional kommunikasiyaların açılmasını və beynəlxalq hüquq çərçivəsində münasibətlərin tənzimlənməsini təklif edib. Ermənistan isə bu prosesləri gecikdirib. İndi isə Paşinyan özü etiraf edir ki, bu prinsiplər qəbul edilmədən Ermənistanın gələcəyi yoxdur.

Azərbaycan tərəfinin strateji iradəsi, iqtisadi və hərbi gücü, həmçinin beynəlxalq diplomatiyada qazandığı üstünlüklər Ermənistanı məhz bu nöqtəyə gətirib.

Gecikmiş etirafların regiona təsiri

Paşinyanın açıqlamaları yalnız Ermənistanın daxili siyasəti üçün deyil, həm də bütün region üçün mühüm əhəmiyyət daşıyır. Onun bu etirafları Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir. Ermənistan artıq sülhə alternativin olmadığını qəbul edir, bu isə regionda sabitliyin möhkəmlənməsi üçün əsas şərtlərdən biridir.

Lakin bu prosesin nə qədər dayanıqlı olacağı hələ də açıq sualdır. Çünki Ermənistan daxilindəki revanşist qüvvələr və xaricdəki təsir dairələri sülh prosesini sabotaj etməyə çalışa bilər. Paşinyanın gecikmiş etirafları onun siyasi cəsarətindən çox, məcburiyyətinin nəticəsidir. Buna görə də Azərbaycanın diqqətli və prinsipial mövqeyini davam etdirməsi vacibdir.

Nigar Orucova, "İki sahil"

Chosen
73
ikisahil.az

1Sources