ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 sentyabr, AZƏRTAC
Çempionlar Liqasının əsas mərhələsində oynayan komanda heç vaxt zəif olmur. “Qarabağ” da bu yerə böyük əziyyətlə gəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov keçmiş komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Hazırda II Liqada mübarizə aparan “Şəmkir” komandasının baş məşqçisi olan mütəxəssis “Benfika”nın əvvəlki illərlə müqayisədə daha yaxşı formada olduğunu bildirib: “Lissabon təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə keçirdiyi oyunları izləmişdim. Onlar kompakt və stabil oyun nümayiş etdirirlər. Mövqe səhvlərinə yol vermirlər. Rəqibin çalışdırıcısı Brunu Laje də “Qarabağ”ı yaxşı analiz edib. O bilir ki, Azərbaycan çempionu hər an başağrısı olacaq komandadır. Bir xal qazanacağımıza inanmaq olar. Qurban Qurbanovun kollektivi dəfələrlə səfərdə güclü rəqiblərə qarşı layiqli çıxış edib. Portuqaliyanın digər təmsilçisi “Braqa” ilə matçlar hər kəsin yaddaşındadır. Sadəcə, inanmaq və döyüşmək lazımdır”.
Qeyd edək ki, bu gün “Da Luş" stadionunda keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.