EN

Vəkillərlə bağlı yeni intizam tənbehi tədbirləri müəyyənləşdirilir

Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş il olacaq.

Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, barəsində intizam icraatı aparılan vəkillər intizam icraatı zamanı qanunla və Vəkillərin İntizam Komissiyasının Əsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malik olacaqlar.

Həmçinin, vəkil tərəfindən bu Qanunun və digər normativ hüquqi aktların və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

Mövcud qanunvericiliyə əsasən, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

Bununla yanaşı, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 1 il, törədildiyi gündən isə 2 il müddətində tətbiq edilə bilər.

Mövcud qanunvericiliyə əsasən, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 6 ay, törədildiyi gündən isə 1 il müddətində tətbiq edilə bilər.

Bundan əlavə, vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət 3 ayadək uzadıla biləcək.

Mövcud qanunvericiliyə əsasən, İntizam Komissiyası intizam icraatının başlandığı gündən 1 ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir.

Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə biləcək:

  • xəbərdarlıq;
  • töhmət;
  • üzvlük haqqının 10 misli həcmində cərimə;
  • "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq 3 aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
  • vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.

Mövcud qanunvericiliyə əsasən, İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

  • irad tutma;
  • töhmət;
  • 3 aydan 1 il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

Bununla yanaşı, vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq.

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam verilməyəcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından 1 ay müddətində məhkəməyə şikayət verilə biləcək.

Bundan əlavə, təklif edilən dəyişikliklə aşağıdakı müddəalar qanunvericilikdən çıxarılır:

3 aydan 1 il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərardan məhkəməyə şikayət vermək olar. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
7
olaylar.az

10Sources