EN

İki 20 sentyabr – 31 il əvvəl və 2 il öncə xalqımıza “qızıl gün” ərməğan edilib

 

20 sentyabr müasir və müstəqil Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Həmin gün iki mühüm tarixi hadisə baş verib və onların ikisi də Azərbaycanın suverenliyi ilə birbaşa bağlıdır.

Bu hadisələrdən biri və birincisi 1994-cü ildə olub. Həmin gün Azərbaycan dünyanın aparıcı ölkələrinin nəhəng şirkətləri ilə Xəzər neftinin istismarına dair çoxtərəfli “Əsrin kontraktı” sazişi imzalayıb.

Ümummilli lider Heydər Əliyevin əzmi və iradəsi ilə ərsəyə gələn bu müqavilə Azərbaycan tarixində yeni səhifə açdı, dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadı, bunun sayəsində ölkəmizin iqtisadiyyatı dirçəlməyə başladı, dünyanın qüdrətli ölkələri bu və ya digər şəkildə Azərbaycanın arxasında durdular.

Bu suverenliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasından 10 gün keçməmiş bəzi xarici dövlətlərin təşəbbüsü ilə “köhnə qiyam ustaları” Azərbaycanda növbəti dövlət çevrilişi həyata keçirməyə cəhd etdilər, amma rüsvayçılıqla məğlub oldular, cəzalarını aldılar. Azərbaycanın başqa dövlətlərin qapazaltısı olmadığı gerçəyi üzə çıxdı.

20 sentyabrda baş verən ikinci mühüm hadisə isə birincidən 29 il sonraya təsadüf etdi.

2023-cü ilin sentyabr ayının 19-da 35 ildən bəri Xankəndidə özünə yuva qurmuş yadelli işğalçılara və yerli separatçılara qarşı keçirilən anti-terror əməliyyatl bir sutkadan sonra, 20 sentyabrda tam müvəffəqiyyətlə başa çatdı. Silahlı separatçılar, Ermənistandan onlara köməyə gəlmiş nizami hərbi hissələr silahı yerə qoyub təslim olmağa məcbur oldular. Əldə edilmiş razılığa əsasən onların böyük hissəsi Azərbaycan ərazisini tərk etdi, hərbi cinayətlərdə əli olanlar, xüsusilə də banda başçıları isə yaxalanaraq, Bakıya gətirildilər.

Beləliklə 1988-ci ilin fevralından Azərbaycan cənub-qərbində, ən bərəkətli torpağında qara yaraya çevrilmiş erməni separatizmi süquta uğradı və Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü bərpa olundu.

Bu gün Azərbaycan tamdəyərli suveren dövlətdir. İndi onun ərazisinin bir hissəsi düşmən tapdağında deyil və özünü hegemon imperiya sayan, kiçik dövlətlərin daxili işlərinə burun soxmağa vərdiş etmiş dövlətlərin müdaxiləsi üçün rıçaq rolu oynayan nifaq ocağından xilas olmuş durumdadır. Hazırda həmin dövlətlər Azərbaycana təzyiq etmək üçün ən təsirli mexanizmlərini itiriblər və bəziləri bununla barışa bilmirlər.

Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan dövləti daxili və xarici siyasətində tamamilə müstəqildir, başqa dövlətin hakimiyyətindən asılı deyil və bir coğrafi ərazidə suverenliyini təmin edib.

Ancaq vaxt vardı, Azərbaycana münasibətdə beynəlxalq hüququn normaları, BMT nizamnaməsinin tələbləri kobud şəkildə pozulurdu. Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan beynəlxalq hüququn tələblərinn yerinə yetirilməsinə cavabdeh olan üstqurum təşkilatlarının (BMT, ATƏT, Avropa Şurası), eləcə də hegemon dövlətlərin bu məsələdəki dişsizliyi sayəsində hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayırdı. Bu təcavüzkar dövlətin aqressiv hakimiyyətləri azərbaycanlılara qarşı etnik təmizləmə aparırdı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, talan edirdi, tarixi, dini, mədəni abidələrini dağıdırdı. Bu sırada onların törətdiyi daha bir böyük hərbi cinayət var - Xocalı soyqırımı.

Qarabağın işğal olunmuş dağlıq və düzən hissəsi, eləcə də Şərqi Zəngəzur bölgəsi suveren Azərbaycan ərazisi olaraq tanında, de-fakto ölkəmizin yurusdiksiyasında deyildi və bu, əslində yarımçıq suverenitet idi.

Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün heç bir əməli və təsirli tədbir görülmürdü. Suda boğulanın çarəsi öz əllərinin gücünə qalmışdı, heç kəs ona xilasedici kəmər atmırdı və belə görünür ki, sona qədər də atmayacaqdı.

Ancaq 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsinin nəticələri daşların əksəriyyətini yerinə oturtdu. Azərbaycan ordusu 44 gün davam edən müharibədə Ermənistan ordusunu darmadağın etdi. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər.

İki il öncə sentyabrın 19-da və 20-də isə, yuxarıda deyildiyi kimi, ölkəmizin bağrındakı “qara yara” cərrahi müdaxilə yolu ilə götürüldü. Ermənilər 2020-ci ildə aldıqları acı məğlubiyyətdən dərs çıxarmamışdılar, toparlanmaq istəyir, revanşist xəyallara qapılır, Azərbaycan xalqı ilə dinc, yanaşı, iç-içə yaşamaq ehtimalını yaxın qoymurdular. Onlar Ermənistandan gəlmiş hərbçilərə güvənirdilər. Ancaq həmin hərbçilər tərksilah olunandan sonra Qarabağın dağlıq hissəsində yaşayan ermənilər ya özlərini müdafiəsiz hiss etdilər, ya da vaxtilə xalqımıza etdikləri yamanlıqların cəzasının ağır olacağını düşündülər, bəlkə də həm o, həm də bu səbəbdən, heç bir təqib-təzyiq olmadığı halda Xankəndi və ətraf rayonlardan Ermənistana daşındılar.

Dağlıq Qarabağdakı qondarma rejim özünü buraxmalı oldu. (Zatən, buraxmayıb nə edəcəkdi?). Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa edildi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin 19 sentyabrda sərəncam imzalayaraq, hər ilin sentyabr ayının 20-ni Dövlət Suverenliyi Günü elan etdi.

Bir neçə gündən sonra bu mübarək gün yetişəcək. Bu günü Azərbaycan xalqına ərməğan edən şəhid və qazilərimizə, eləcə də vətənin keşiyində duran hər bir şəxsə dərin minnətdarlıq hissi duyuruq.

Musavat.com

Chosen
11
musavat.com

1Sources