EN

Trampdan rekord təzminat davası: 15 milyard dollar tələb edir

Tramp "The New York Times" qəzetinə qarşı 15 milyard dollarlıq iddia qaldırdı.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini “böhtan və qarayaxma”da ittiham edərək, nəşrə qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırdığını açıqlayıb.

Tramp Truth Social platformasında paylaşdığı açıqlamada qəzetin “onilliklər ərzində onun, ailəsi və biznesi haqqında yalan xəbərlər yaydığını” bildirib.

O, “The New York Times”ın ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harrisi açıq şəkildə dəstəkləməsini də sərt şəkildə tənqid edib:

“Onların Harrisə verdiyi dəstək qəzetin ilk səhifəsində yer aldı. Bu, görünməmiş bir hadisədir və indiyə qədər verilmiş ən böyük qeyri-qanuni seçki yardımıdır.”

Tramp iddia edib ki, “The New York Times” uzun illərdir sistemli şəkildə yalan, böhtan və qarayaxma üsullarından istifadə edir və bu səbəbdən 15 milyard dollarlıq təzminat tələbi ilə məhkəməyə verilib.

O həmçinin xatırladıb ki, daha əvvəl ABC və CBS kimi media qurumlarına qarşı açılan məhkəmə işlərində “uğurlu nəticələr” əldə ediblər və təzminat qazanıblar.

Davanın Floridada açıldığını qeyd edən Tramp bildirib:

“The New York Times qəzetinin illərdir mənə qarşı apardığı bu yalan və qarayaxma kampaniyası artıq sona çatmaq üzrədir.”

Aytən Yaşar/ Turkustan.az

Chosen
31
turkustan.az

1Sources