EN

Antiterror tədbirləri: “Azərbaycan xalqı öz haqqını qorumaqda sarsılmazdır”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir.

Qarabağ məsələsi isə bu tarixdə ən ağrılı, eyni zamanda ən qürurlu səhifələrdən biridir. İllər boyu xalqımızın yuxusuna haram qatmış işğal 2020-ci ildə Vətən müharibəsi ilə sona yetdi.

Azərbaycan Ordusu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, polad iradəsi və xalqın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Lakin həmin vaxt Qarabağda yaranmış yeni reallıq arzuladığımız kimi deyildi.

Qeyri-qanuni silahlı dəstələrin bölgəni tərk etməməsi, mina təhlükəsinin davam etməsi, diversiya hadisələrinin baş verməsi Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran əsas maneələr idi.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatı bölgədə yeni mərhələ açdı:

“Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi. Qarabağda hələ də Ermənistan ordusunun tör-töküntüləri mövcud idi. Onların fəaliyyəti bir tərəfdən bölgədə yaşayan əhali üçün təhlükə yaradırdı, digər tərəfdən isə Azərbaycanın dövlətçiliyinə açıq hörmətsizlik idi. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə bardağı daşıran son damla oldu.

Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi”.

Deputat bildirib ki, 24 saata yaxın davam edən əməliyyat Azərbaycanın hərbi gücünün növbəti göstəricisi oldu:

“Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Əməliyyatın ən mühüm məqamlarından biri isə mülki əhalinin qorunması idi. Azərbaycan Ordusu bu məsələyə xüsusi həssaslıqla yanaşdı. Humanitar dəhlizlər açıldı, mülki şəxslərə yardım göstərildi, onların təhlükəsizliyi təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda dövlət bayrağımız artıq əbədi dalğalanır. Bu sözlər hər birimimizdə böyük qürur hissi yaratdı”.

S.Salmanova qeyd edib ki, 2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı:

“Qarabağda dövlət idarəçiliyi tam bərpa olundu, ölkəmizin ərazi bütövlüyü faktiki olaraq təmin edildi, oradakı qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və bölgədə sabitlik, təhlükəsizlik bərqərar oldu. Ən əsası, Azərbaycan göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir. Bu siyasi iradənin əsas müəllifi isə dövlət başçısı İlham Əliyev cənablarıdır”.

Parlamentari onu da söyləyib ki, antiterror əməliyyatı təkcə hərbi qələbə deyildi:

“Bu, həm də siyasi, diplomatik və psixoloji baxımdan böyük bir dönüş nöqtəsi idi. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, lakin eyni zamanda öz hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək. Əməliyyat nəticəsində bölgədə uzunmüddətli sülh üçün yeni imkanlar yarandı. Artıq Qarabağda həyatın dirçəlməsi, infrastruktur layihələrinin genişlənməsi və əhalinin rifahının yüksəldilməsi üçün maneələr aradan qalxdı.

19–20 sentyabr əməliyyatı Azərbaycan tarixində sadəcə hərbi uğur deyil, həm də milli qürurun, Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsi kimi qalacaq. Bu qətiyyətli addım sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumaqda sarsılmazdır və dövlətimiz bölgədə davamlı sülh və inkişafın təminatçısıdır”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
cebheinfo.az

2Sources