Konstitusiya və Suverenlik ili çərçivəsində YAP Ağsu rayon təşkilatının “Suvarma Sistemləri İdarəsi” ərazi partiya təşkilatında “Suverenliyimiz əbədidir” adlı tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.
Rayon təşkilatının sədri Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynadığını vurğulayıb.
Bildirib ki, 2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə Azərbaycan torpaqları tamamilə azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Rayon təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən hər il 20 sentyabr tarixi Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü, Azərbaycan üçün tarixin dönüm nöqtəsidir. Bu gün yalnız bir əməliyyatın ildönümü deyil, bu, xalqın suverenliyini tam şəkildə bərpa etməsi, dövlətin konstitusiya hakimiyyətinin ölkənin bütün ərazilərində tətbiqi, vətənpərvərlik ruhunun yüksəlişi və gələcəyə inamın əsas simvoludur.
Ağsu Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Elnur Süleymanov öz çıxışında qeyd edib ki, Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün unikal imkan yaradacaq.
Daha sonra təşkilatı məsələlərə baxılıb. “Suvarma Sistemləri İdarəsi” ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçilib. Rayon təşkilatının sədri ərazi partiya təşkilatına yeni seçilən sədr və sədr müavinini təbrik edib və onlara partiya fəaliyyətində uğurlar arzu edib.
Sonda rayonun ictimai-siyasi həyatında, yerli təşkilatın fəaliyyətində aktiv iştirakına və ərazi partiya təşkilatı sədri kimi səmərəli fəaliyyət göstərdiyinə görə Mayılov Əlhüseyn Valeh oğlu 60 illik yubileyi münasibətilə YAP Ağsu rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib.







