EN

Şəhid olduğunu bilirəm, ATA

    Artıq, 2 il keçdi. Məhz 24 ay bundan öncə inana bilmədiyimiz, təsəvvürümüzə gətirmədiyimiz bir xəbər eşitdim. Gecə saatlarında gələn qəfil zəng şoka salmışdı məni. Özümə gələndən sonra ailəsinə zəng çaldım, öz aləmlərində idilər. Turalın uşaqlarının deyib-gülmək, sevincli səslərini eşitdim. Axı həmin gün həm də, Fatimənin doğum günü idi. Bir az sakitləşmişdim. Bəlkə mənə gələn zəng doğru deyil ümidi oyandı qəlbimdə. Turalı soruşdum. - Danışmısızmı? - Axırıncı dəfə dünən danışmışdıq, "irəli gedirik, ola bilsin telefonla əlaqə saxlaya bilmədim” demişdi. Və dünəndən heç bir xəbər ala bilməmişdi ailəsi də. Mənim zəngim bunları tədirgin etsə də, heç nə söyləmədim. Çünki, hələ də ümidim var idi. Axı ümid sonda ölür...
   İrəliləyən saatlarda Turalın şəhid olduğu xəbəri hər kəsə yayılmışdı. Biz onda artıq, Pirallahıya çatmışdıq. Ana fəryadı, qadın hıçqırığı, uşaq boynubüküklüyü və hər kəsin gözyaşları olub-bitəndən xəbər verirdi. Sentyabrın 19-dan 20-nə keçən gecə çox ağır oldu. Şəhid nəşini gözləyən bir ailənin, doğmaların qara gecəsi idi. Həmin anlarda bütün olub-bitən hadisələr, Turalla keçmişdə- uşaqlıqdan bəri olan münasibətlərimiz, yoldaşlıqlarımız gözümün önündə canlanırdı. Onun mərdliyi, qoçaqlığı, gülərüzlüyü, ailəcanlı olmağı, vətənpərvərliyi məni inandırdı ki, Tural şəhid olub. Bəli, məhz Tural kimi bir oğul şəhid ola bilər. Vətənini canından və bütün doğmalarından çox sevən belə bir igid canını bu torpağa fəda edə bilər. 
 
Sentyabrın 20-də şəhidini qarşılayan bir məmləkət var idi. Kişili-qadınlı, böyüklü-uşaqlı hər kəs İgidini qarşılamaq üçün yollara düzülmüşdü. İzdihamın ucu bucağı bilinmirdi. Bu izdihamın içində bir də balaca iki körpə var idi. Fatimə və Fərid. Hər şeydən xəbərsiz, hər kəsin onları qucaqladığı, əzizlədiyi, sevgi-nəvaziş göstərdiyi bir ortamda nə baş verdiyini hələ aylar, illər sonra anlayacaqdılar. Doğum günündə, əlində bayraq, atasının tabutunu son mənzilə uğurlayan Fatimə, hələ illər sonra anlayacaq ki, əslində onun doğum günü atasının ölüm günüdür. Hələ illər sonra anlayacaq ki, yolun kənarında durub son mənzilə yola saldığı o maşın atasının tabutunu aparırmış. İllər sonra anlayacaq və fəxr edəcək ki, onun atası əslində, QƏHRƏMAN imiş. Qızının doğum günündə canını vətəninə fəda edəcək qədər. Fərid, hələ sonralar biləcək ki, atası necə mərd və əzmkar imiş. Döyüş yoldaşlarını ölümün pəncəsindən qurtarıb, öz canını düşmən mərmisinə sipər etmiş CƏSUR döyüşçü imiş. İllər sonra atasının döyüş yoldaşlarının, Turalın qəhrəmanlığından danışmaları onu qürurlandıracaq, fərəhləndirəcək! 
Və beləcə ağrılı-acılı, atasızlıq qədər ağır yüklü illər keçəcək. Fatimə və Fərid özlərini, həm də həyatı dərk edəcək yaşa çatacaqlar. Şəhid-leytenant Turalın övladı olmaq qüruru çiyinlərində fəxrli bir yük olacaq. O adı uca tutmaq üçün hər vəchlə çalışacaqlar. O, həm də fəxr yüküdür, qüruru yüküdür!
  2023-cü ilin 15 sentyabrında Fatimə ilk dəfə məktəbə gedirdi. Atasının məktəbə aparmaq üçün və daha sonra doöum gününə gələcəyini gözləməsi hələ də davam edir. Gerisini Fatimənin atasına düşüncə məktubundan oxuyaq, məncə...
Artıq üçüncü ildir ki, sənsiz məktəbə getdim, Ata. Yadındadı son dəfə ilk məktəbə getdiyim gün (2023-cü il-red.) gələcəyini demişdin. Hələ mənə yeni hədiyyələr alacaqdın. Sonra işinin çoxluğunu dedin və gəlmədin. Həmin gün, doğum günümə gələcəyini deyib, görüntülü danışaraq məni məktəbə uğurladın. Məktəb həyətində toplaşanda ilk dəfə onda anladım ki, hər qızın atası yanında olmalıdı. Atasız qız böynubükük bənövşədi. Qızların bir çoxunu anasıyla yanaşı, atasının da gətirdiyini gördüyümdə çox kövrəldim. Amma ağlamadım, Ata. Bilirsən də mən güclü qızam. Eybi yoxdu mənim də atam ad günümdə gələcək düşündüm və içimdən gülümsədim. Həm də ad günümə cəmi 2-3 gün qalmışdı, axı. Saatları, dəqiqələri sayırdım, bu günlər tez keçsin atam gəlsin deyirdim... 2 gün 2 il oldu, Ata. Sən hələ də gəlmədin. 3-cü ili də sənsiz məktəbə başlayıram. Amma yenə anam məni tək və boynubükük aparır. Bilirsən, Fərid də sənin üçün çox darıxır. Hərdən oyaq olanda, hərdən də yuxuda ağlayır sənin üçün. Neçə dəfə yatdığım vaxt onun ağlamaq səsinə oyanmışam. Yenə əvvəlki kimi dəcəldi, Babanı-nənəni, anamı və məni çox incitsə də, biz onun nazını çəkirik. Babam onun üçün hər istədiyini edir, hər istədiyini alır, çox nəvaziş göstərir. Babalar nəvələrini çox istəyirlər axı. Amma yenə də sənin yerini vermir, Atam. Sənin iş yoldaşların da (döyüş yoldaşları-red.) tez-tez gəlirlər. Fəridə və mənə çoxlu hədiyyələr də alırlar. Səninlə olan anlarından danışırlar. Qəhrəmanlığından və mərdliyindən danışdıqca səninlə qürur duyuram, Ata. 
Nədənsə səni soruşduğumda hər kəsin gözü dolsa da, bəzən kənara çəkilib ağlasalar da, heeey qayıdacağını deyirlər. Axı 2 ildi sənin yoxluğun bizi çox üzür. Daha anam da əvvəlki kimi israrla demir, gələcəyini. Yəqin o da yoruldu yalan danışmaqdan. Bəlkə o da istəyir biz də bilək qayıtmayacağını, indidən özümüzü alışdıraq sənsizliyə...
  Əslində, mən onların yalan danışdığını bilirəm. Sənin geri dönməyəcəyini, Şəhid olduğunu bilirəm. Heç kimə hiss etdirmirəm. Daha da üzülməsinlər deyə bildirmirəm onlara. Mən son vaxtlar anladım şəhid olduğunu. Bizi sadəcə uzaqdan seyr etdiyini, izlədiyini. Nə danışmadın, nə gəlmədin, nə səs göndərmədin bizə. Onda anladım ki, atam yəqin daha çox sevdiyinin yanındadı. Axı sənin bizdən çox sevdiyin bircə Vətən torpağı var idi...
Bizə görə narahat olma, Ata. Canını fəda etdiyin bu vətəndə firavan yaşamaq üçün hər şəraitimiz var. Dövlət başçımızdan tutmuş, sıravi vətəndaşa qədər hamı bizə qayğı göstərir. Hörmətlə yanaşır. Sən bizə torpağı uğrunda şəhid olduğun Vətən qoyub getmisən, Ata. 
Hə, sonda onu da deyim ki, bu ildən məktəbimi dəyişmişəm. Artıq, Ulu öndər Heydər Əliyev adını daşıyan Müasir Təhsil Kompleksində təhsil alacam. Sənə söz verirəm, hər zaman Sənin adını layiq olduğun UCALARDA tutacağam. Biz səninlə fəxr etdiyimiz kimi, sən də bizimlə fəxr edəcəksən! 
Sağ ol, Ata... Darıxma, yenə məktub yazacam Sənə...



ORXAN ÜLVİ


Chosen
19
7news.az

1Sources